Azad mətbuat demokratik cəmiyyətin inkişafının əsas təminatçılarından biridir - MƏQALƏ
22 İyul – Milli Mətbuat Günü ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıyan əlamətdar tarixlərdən biridir. 1875-ci il iyulun 22-də böyük maarifçi, publisist və ictimai xadim Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulan milli mətbuatımız ötən dövr ərzində Azərbaycan xalqının maariflənməsində, milli şüurun formalaşmasında, dövlətçilik ideyalarının təbliğində və ictimai fikrin inkişafında əvəzsiz rol oynamışdır.Bu gün dünyada demokratik inkişafın əsas göstəricilərindən biri azad, müstəqil və peşəkar medianın mövcudluğudur. Demokratik cəmiyyət yalnız seçkilər, qanunvericilik və dövlət institutları ilə deyil, eyni zamanda cəmiyyətin obyektiv informasiya əldə etmək hüququnun təmin olunması ilə formalaşır. Məhz buna görə də cəmiyyətdə demokratik münasibətlərin inkişafı ölkədə azad mətbuatın inkişafı ilə sıx bağlıdır. Azad media dövlətlə vətəndaş arasında etibarlı informasiya körpüsü yaradır, ictimai nəzarəti gücləndirir, şəffaf idarəçiliyin formalaşmasına töhfə verir və vətəndaşların ictimai proseslərdə fəal iştirakını stimullaşdırır.Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi istiqamətində mühüm hüquqi və institusional islahatlar həyata keçirilmiş, ardıcıl dövlət siyasəti formalaşdırılmış, demokratik təsisatların inkişafı üçün mühüm addımlar atılmışdır. 1998-ci ildə Azərbaycanda senzuranın ləğv olunması milli mətbuat tarixində dönüş nöqtəsi olmuş, azad sözün və müstəqil jurnalistikanın inkişafı üçün geniş imkanlar yaratmışdır. Sonrakı illərdə qəbul edilən qanunvericilik aktları media azadlığının hüquqi təminatını daha da möhkəmləndirmişdir.Bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə media sahəsində həyata keçirilən islahatlar informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə, jurnalistikanın peşəkarlıq səviyyəsinin yüksəldilməsinə və rəqəmsal medianın inkişafına xidmət edir. Medianın İnkişafı Agentliyinin yaradılması, media qanunvericiliyinin təkmilləşdirilməsi, jurnalistlərin peşə bacarıqlarının artırılması istiqamətində həyata keçirilən layihələr və informasiya texnologiyalarının media sektoruna tətbiqi bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir.Müasir informasiya məkanında media qarşısında duran vəzifələr əvvəlki dövrlərlə müqayisədə daha məsuliyyətlidir. İnformasiya texnologiyalarının sürətli inkişafı xəbərlərin saniyələr içərisində milyonlarla insana çatmasına imkan yaratsa da, eyni zamanda dezinformasiya, saxta xəbərlər və informasiya manipulyasiyası kimi yeni təhlükələr meydana çıxarmışdır. Belə şəraitdə peşəkar jurnalistikanın əsas prinsipləri olan obyektivlik, qərəzsizlik, operativlik və faktlara əsaslanmaq hər zamankından daha böyük əhəmiyyət kəsb edir. Cəmiyyətin düzgün məlumatlandırılması yalnız media nümayəndələrinin peşəkarlığı deyil, həm də onların yüksək etik məsuliyyət hissi ilə birbaşa bağlıdır.Azərbaycan mediası xüsusilə son illərdə ölkənin milli maraqlarının beynəlxalq aləmdə müdafiəsində də mühüm rol oynayır. Vətən müharibəsi dövründə və sonrakı mərhələdə jurnalistlər operativ və dəqiq məlumatların ictimaiyyətə çatdırılmasında, ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə təqdim edilməsində böyük fədakarlıq nümayiş etdirdilər. Bu təcrübə bir daha göstərdi ki, güclü media yalnız informasiya daşıyıcısı deyil, həm də milli həmrəyliyin, dövlətçilik maraqlarının və vətəndaş məsuliyyətinin möhkəmlənməsinə xidmət edən strateji institutdur.Demokratik cəmiyyətin inkişafı yalnız dövlətin deyil, bütövlükdə cəmiyyətin birgə məsuliyyətidir. Bu inkişafın vacib şərtlərindən biri isə azad, peşəkar və məsuliyyətli medianın fəaliyyətidir. Güclü mətbuat vətəndaş cəmiyyətinin formalaşmasına, hüquqi dövlət quruculuğuna, şəffaf idarəetməyə və ictimai etimadın möhkəmlənməsinə mühüm töhfə verir. Məhz buna görə də demokratik münasibətlərlə azad mətbuat bir-birini tamamlayan, biri olmadan digərinin tam inkişaf edə bilməyəcəyi fundamental anlayışlardır. Azərbaycan milli mətbuatı bundan sonra da cəmiyyətin obyektiv məlumatlandırılmasına, demokratik dəyərlərin möhkəmləndirilməsinə, milli maraqlarımızın qorunmasına və dövlətçiliyimizin daha da güclənməsinə layiqli töhfələr verməyə davam edəcəkdir.
Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB