“Ortaq dəyərlərə əsaslanan əməkdaşlıq regionun sabitliyinə töhfə verəcək” - DEPUTAT DANIŞDI
”100 il əvvəl - 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının elmi və mədəni inteqrasiyası tarixində dönüş nöqtəsi idi”.
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
Onun sözlərinə görə , bu tədbir türk dillərinin inkişafı, ortaq elmi əməkdaşlığın genişləndirilməsi və ümumtürk mədəni dəyərlərinin qorunması istiqamətində mühüm qərarların qəbul edildiyi tarixi hadisə idi:
”Bu qurultayın 100 illiyinin dövlət səviyyəsində qeyd olunması isə Azərbaycanın türk dünyasının inteqrasiyasında aparıcı rolunun göstəricisidir. Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” də türk dünyasının ortaq tarixi, dili, mədəniyyəti və elmi irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Həftə çərçivəsində beynəlxalq konqreslər, elmi konfranslar, panel müzakirələri, sərgilər, kitab təqdimatları, konsert proqramları və digər mədəni tədbirlər təşkil olundu.
Cənab Prezidentin “Türk Dünyası Həftəsi”nin açılışı münasibətilə tədbir iştirakçılarına ünvanladığı müraciətdə də bu tədbirin tarixi əhəmiyyəti xüsusi qeyd olunur. Dövlət başçımızın da qeyd etdiyi kimi, “Qurultay zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mövcud şəraitdə mədəni inteqrasiyasının məfkurə olaraq təşəkkül tapması baxımından müstəsna əhəmiyyət daşıyır.”
100 il əvvəl olduğu kimi, bu gün də Bakı dünya türkologiyasının əsas mərkəzlərindən biridir. Azərbaycan milli maarifçilik, elm və mədəniyyət sahəsində qazandığı uğurlarla türk dünyasının inkişafına hər zaman mühüm töhfələr verib.
Təsadüfi deyil ki, bu gün türk dövlətləri arasında əməkdaşlıq daha da möhkəmlənib. Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, Türk Dövlətləri Təşkilatının ortaq humanitar məkan formalaşdırmaq üçün müasir mərhələdə uğurla gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır. Sevindirici haldır ki, Türk dünyası ailəsi əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən biri olmaq yolundadır.
Bu gün Azərbaycan türk dünyasının inkişafı naminə sülh, əməkdaşlıq və qarşılıqlı dəstək prinsiplərinə sadiq qalaraq mühüm təşəbbüslər irəli sürür. Ölkəmizin fəal siyasəti nəticəsində türk dövlətləri arasında həmrəylik daha da möhkəmlənir, ortaq layihələrin sayı artır və gələcək əməkdaşlıq üçün möhkəm zəmin formalaşır. Azərbaycanın türk dünyasının birliyinə verdiyi töhfələr göstərir ki, ortaq dəyərlərə əsaslanan əməkdaşlıq xalqlarımızın rifahına, regionun sabitliyinə və gələcək inkişafına xidmət edən ən vacib amillərdən biridir.
“Türk Dünyası Həftəsi” çərçivəsində aparılan elmi müzakirələr və əməkdaşlıq təşəbbüsləri göstərdi ki, türkologiya keçmişin əsasında həm də ortaq gələcəyin qurulmasına xidmət edən strateji elm sahəsidir. Tədbirlərin Bakı ilə yanaşı işğaldan azad edilmiş ərazilərdə də keçirilməsi Azərbaycanın mədəni diplomatiya və regional həmrəylik sahəsindəki rolunu nümayiş etdirdi.
Azərbaycanın ev sahibliyi etdiyi bu beynəlxalq tədbir türk dövlətləri arasında elmi, mədəni və humanitar əlaqələrin daha da genişlənməsinə mühüm töhfə verdi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB