“Azərbaycan İlahiyyat İnstitutunun əsas məqsədi peşəkar, savadlı kadrların hazırlanmasıdır” - AQİL ŞİRİNOV
“Azərbaycan İlahiyyat İnstitutu ölkəmizin dini təhsil sisteminin inkişafına mühüm töhfələr verməkdə davam edir. Təhsil müəssisəsində həyata keçirilən tədris proqramları və yaradılan şərait nəticəsində tələbələrin peşəkar və yüksək ixtisaslı kadr kimi formalaşması təmin olunur. Sevindirici haldır ki, bu il də institutun məzunları arasında yüksək göstəricilərlə seçilən gənclər vardır”.
SİA xəbər verir ki, bu sözləri Aİİ-nin rektoru Aqil Şirinov jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu il Azərbaycan İlahiyyat İnstitutunda ümumilikdə təxminən 60 tələbə məzun olur. Onlardan 55 nəfəri bakalavr, 4 nəfəri isə magistratura səviyyəsini bitirir. Magistratura səviyyəsini başa vuran məzunlardan ikisi xarici ölkə vətəndaşıdır. Bu fakt ölkəmizdə dini təhsilə olan marağın təkcə yerli tələbələrlə məhdudlaşmadığını, eyni zamanda xarici vətəndaşların da Azərbaycan İlahiyyat İnstitutunda təhsil almağa üstünlük verdiyini göstərir.
Eyni zamanda, Bakı İlahiyyat Kollecinin də ilk məzun buraxılışı həyata keçirilir və bu, təhsil müəssisəsinin fəaliyyətində mühüm bir mərhələ kimi qiymətləndirilir.
Azərbaycan İlahiyyat İnstitutunun məzunları ölkənin müxtəlif dövlət və dini qurumlarında uğurla fəaliyyət göstərirlər. Onlar dini icmalarda imam-xətib, din xadimi kimi xidmət göstərməklə yanaşı, həmçinin dövlət qurumlarında və digər ictimai sahələrdə də öz bilik və bacarıqlarını tətbiq edirlər. Bu isə institutun qarşısına qoyduğu məqsədlərin uğurla həyata keçirildiyini göstərir.
Qeyd olunmalıdır ki, institut nisbətən yeni təhsil müəssisəsi olmasına baxmayaraq, artıq məzunlarının işlə təmin olunması və cəmiyyətə inteqrasiyası baxımından müsbət nəticələr əldə etmişdir. Məzunlar müxtəlif sahələrdə fəaliyyət göstərərək həm dini biliklərini, həm də peşəkar bacarıqlarını cəmiyyətin inkişafına yönəldirlər.
Azərbaycan İlahiyyat İnstitutunun əsas məqsədi peşəkar, savadlı və milli-mənəvi dəyərlərə sadiq kadrların hazırlanmasıdır. Burada yetişən tələbələr yalnız dini biliklərlə deyil, eyni zamanda dövlətçilik düşüncəsi, vətənpərvərlik və yüksək ictimai məsuliyyət hissi ilə formalaşırlar.
İnstitutda təhsil alan tələbələr ilkin dini təhsil aldıqdan sonra daha yüksək səviyyəli təhsil pillələrinə yönləndirilir və bu proses onların elmi və praktiki biliklərinin daha da inkişafına şərait yaradır. Bu da ölkəmizin mənəvi dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB