“Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq yalnız siyasi sahə ilə məhdudlaşmır“ - POLİTOLOQ
“Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlər hazırda müsbət inkişaf mərhələsindədir və son dövrlərdə ikitərəfli əlaqələrdə yeni dinamikanın formalaşdığını müşahidə edirik. Bu münasibətlərin inkişafında hər iki ölkənin siyasi rəhbərliyinin rolu mühüm əhəmiyyət daşıyır”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Turan Rzayev bildirib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət kursu Azərbaycanın beynəlxalq tərəfdaşları ilə qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər qurmasına imkan verib:
”ABŞ ilə münasibətlər də məhz bu prinsip əsasında inkişaf edir. Son illərdə müəyyən dövrlərdə ikitərəfli münasibətlərdə fikir ayrılıqları və gərgin məqamlar müşahidə olunsa da, hazırda dialoq və əməkdaşlıq imkanlarının genişləndiyini görürük.
Xüsusilə regionda baş verən geosiyasi dəyişikliklər, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin irəliləməsi, sülh gündəliyinin aktuallaşması beynəlxalq tərəfdaşların da diqqət mərkəzindədir. Bu baxımdan Vaşinqtonun regionda sabitlik və təhlükəsizlik məsələlərinə göstərdiyi maraq xüsusi əhəmiyyət daşıyır.
Son aylarda həm Azərbaycan, həm Ermənistan nümayəndələrinin müxtəlif səviyyələrdə təmasları, qarşılıqlı səfərlər və dialoq mexanizmlərinin davam etdirilməsi regionda sülh prosesinin irəlilədiyini göstərən mühüm amillərdəndir. Bu proseslərin beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənməsi isə əlavə siyasi stimul yaradır.
Eyni zamanda Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq yalnız siyasi sahə ilə məhdudlaşmır. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, regional sabitlik, iqtisadi əlaqələr, investisiyalar və təhlükəsizlik məsələləri də ikitərəfli münasibətlərin mühüm istiqamətlərini təşkil edir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol Vaşinqton tərəfindən də diqqətlə izlənilir və yüksək qiymətləndirilir.
Münasibətlərin inkişafında qarşılıqlı hörmət amili xüsusi yer tutur. Dövlət başçıları arasında qarşılıqlı təbrik məktublarının göndərilməsi, diplomatik təmasların davam etməsi və əməkdaşlığa dair müsbət mesajların verilməsi ikitərəfli əlaqələrin gələcək perspektivləri baxımından vacib göstəricilər hesab olunur.
Yaxın gələcəkdə də Azərbaycan–ABŞ münasibətlərinin qarşılıqlı maraqlar əsasında inkişaf edəcəyini gözləmək olar. Çünki hər iki tərəf regional sabitliyin qorunmasında, iqtisadi əməkdaşlığın genişləndirilməsində və beynəlxalq təhlükəsizlik məsələlərində əməkdaşlığın davam etdirilməsində maraqlıdır.
Azərbaycanın müstəqil və prinsipial xarici siyasəti, beynəlxalq hüquqa əsaslanan mövqeyi və etibarlı tərəfdaş imici ölkəmizin ABŞ də daxil olmaqla aparıcı dövlətlərlə münasibətlərinin inkişafına mühüm töhfə verir. Bu isə həm regionun sabitliyi, həm də Azərbaycanın milli maraqlarının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB