Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin su və su təsərrüfatı obyektləri üzrə monitorinqlərin daha operativ aparılması, müşahidə məlumatlarının vahid platformada toplanması, təhlili və səmərəli idarə olunması məqsədilə yaratdığı "Monitorinqlərin Elektron İdarəetmə Sistemi"nin (MEİS) təqdimatı olub.
SİA bu barədə agentliyə istinadən xəbər verir.
Təqdimatda qeyd olunub ki, sistem vasitəsilə çaylar, göllər, su anbarları, hidrotexniki qurğular və suvarma şəbəkələri daxil olmaqla su və su təsərrüfatı obyektləri üzrə monitorinqlər planlı şəkildə təşkil edilir və idarə olunur.
Bununla yanaşı, "Cərimə Protokollarının İdarəetmə Sistemi" (CPİS) modulu ilə də tanışlıq olub. Bildirilib ki, modul ciddi hesabat blanklarının dövriyyəsinə və prosessual müddətlərə riayət olunmasına nəzarəti gücləndirməklə yanaşı, tərtib edilmiş aktlar, protokollar, cərimələr, ziyan məbləğləri, ödənişlər və digər zəruri məlumatlara rəhbərlik tərəfindən operativ baxışın təmin edilməsinə və nəzarət prosesinin daha effektiv həyata keçirilməsinə xidmət edəcək.
Sistemə nəzarət tədbirləri nəticəsində hazırlanmış sənədlərin və məlumatların daxil edilməsi həm ayrı-ayrı regionlar, həm də ölkə üzrə ümumiləşdirilmiş hesabatların hazırlanmasını və ixracını mümkün edir. Həmçinin nəzarət tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti əməkdaşlar yaxa kameraları ilə təmin olunublar.
Təqdimatın sonunda hesabat qəbul olunub və vurğulanıb ki, tətbiq olunan rəqəmsal həllər məlumatların elektron arxivləşdirilməsinə, iş proseslərinin sürətləndirilməsinə, idarəetmənin təkmilləşdirilməsinə və ümumi məhsuldarlığın artırılmasına mühüm töhfə verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB