“Azad edilmiş ərazilərdə dağıntıdan dirçəlişə doğru böyük yol keçmişik” - Emin Hüseynov

“Bu gün Bakıda keçirilən World Urban Forum 13-ün beşinci, yəni son günüdür. Mən burada baş verən bu möhtəşəm tədbirin bir hissəsi olmaqdan və 30 il işğal altında qalmış, artıq beş ildir azad olan doğma torpaqlarımızın bərpası prosesində iştirak etməkdən böyük qürur hissi duyuram”.

SİA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov WUF13 çərçivəsində keçirilən “Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda dayanıqlı yenidənqurma, məskunlaşma və inkişaf” panel sessiyasında deyib.

Emin Hüseynov bildirib ki, azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma işləri Azərbaycan hökuməti və xalqının birgə səylərinin nəticəsidir.

O qeyd edib ki, forum çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri, əldə olunan təcrübə və beynəlxalq yanaşmalar müzakirə olunur.

Xüsusi nümayəndə vurğulayıb ki, 30 illik işğaldan sonra ümumilikdə 13,6 min kvadrat kilometr ərazi azad olunub və bunun 2,7 min kvadrat kilometri Ağdam, Füzuli və Xocavənd rayonlarının payına düşür.

Onun sözlərinə görə, bu bölgələr əhali sıxlığı, iqtisadi potensial və strateji əhəmiyyət baxımından Qarabağın ən mühüm ərazilərindən hesab olunur.

Emin Hüseynov əlavə edib ki, azadlıqdan sonra Ağdam və Füzulidə qarşılaşılan mənzərə tamamilə dağıdılmış şəhərlər və yaşayış məntəqələri idi: “Son beş ildə bu bölgələrdə dağıntıdan dirçəlişə doğru böyük yol keçmişik”.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə