“Plastik çirklənmə ekoloji və iqtisadi təhlükə yaradır” - Vüqar Kərimov

Dünya üzrə plastik tullantıların sürətlə artdığı və bunun həm ətraf mühit, həm də iqtisadiyyat üçün ciddi problem olduğu bildirilib.

SİA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Plastik çirklənmə ilə mübarizə: Yaşamaq üçün uyğun şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi” mövzusunda tədbirdə deyib.

Nazir müavini qeyd edib ki, mikroplastiklər artıq içməli su, dəniz məhsulları, hava və hətta insan qanında aşkar edilib. Onun sözlərinə görə, plastik tullantıların düzgün idarə olunmaması ekosistemlərin pozulmasına və canlı aləmin məhvinə səbəb olur.

Vüqar Kərimov statistik göstəricilərə də diqqət çəkərək bildirib ki, dünyada hər il 430 milyon tondan çox plastik istehsal olunur və bunun üçdə ikisi qısa müddət istifadə olunduqdan sonra tullantıya çevrilir.

O qeyd edib ki, istehsal olunan plastikin yalnız 9–10 faizi təkrar emal edilir, 19 faizi yandırılır, qalan hissə isə ya poliqonlara atılır, ya da ətraf mühitə düşür.

Nazir müavini əlavə edib ki, mövcud tendensiya davam edərsə, 2060-cı ilədək plastik tullantıların həcmi təxminən üç dəfə arta bilər.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə