“Azərbaycan Avropanın etibarlı enerji təchizatçısı kimi mövqeyini möhkəmləndirib“ - DEPUTAT DANIŞDI

“Azərbaycanla Latviya arasında münasibətlər son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu baxımdan Latviya Prezidenti Edqars Rinkeviçin Azərbaycana rəsmi səfəri ikitərəfli əlaqələrin genişlənməsinı xidmət edir”.

Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Könül Nurullayeva bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində liderlər iqtisadi, enerji, nəqliyyat və innovasiya sahələrində əlaqələrin dərinləşdirilməsinin vacibliyini vurğuladılar:

“Səfərin diqqətçəkən məqamlarından biri Bakıda keçirilən biznes forum oldu. Forum çərçivəsində hər iki ölkənin işgüzar dairələri arasında yeni əlaqələrin qurulması və birgə layihələrin müzakirəsi aparıldı. Xüsusilə qeyri-neft sektorunun inkişafı fonunda Azərbaycanın investisiya imkanları Latviya şirkətləri üçün cəlbedici istiqamət kimi təqdim olundu.

Son illərdə Azərbaycanın iqtisadi siyasətində əsas istiqamətlərdən biri iqtisadiyyatın şaxələndirilməsi olub. Qeyri-neft sektorunun dinamik inkişafı və ümumi daxili məhsulda payının artması ölkənin xarici tərəfdaşlar üçün cəlbediciliyini xeyli yüksəldib. Bu kontekstdə Baltik regionunun mühüm ölkələrindən olan Latviya ilə əməkdaşlıq yeni məzmun və perspektivlər qazanır. Xüsusilə iqtisadi, enerji və logistika sahələrində tərəfdaşlığın genişləndirilməsi əsas prioritet kimi ön plana çıxır.
Enerji sektoru bu əməkdaşlığın əsas sütunlarından biri olaraq qalır. Azərbaycan artıq Avropanın etibarlı enerji təchizatçısı kimi mövqeyini möhkəmləndirib. Bu baxımdan Latviya ilə əməkdaşlıq həm enerji təhlükəsizliyinin gücləndirilməsi, həm də yaşıl enerji layihələrinin həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Azərbaycanın 2032-ci ilə qədər bərpaolunan enerji gücünü artırmaq planları Avropa investorları üçün yeni fürsətlər açır.
Nəqliyyat və logistika sahəsi də diqqət mərkəzindədir. Azərbaycanın əlverişli coğrafi mövqeyi – Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi – ölkəni regionun əsas tranzit mərkəzlərindən birinə çevirib. Latviyanın isə Şimali və Mərkəzi Avropa bazarlarına çıxış imkanları bu əməkdaşlığı daha da strateji edir. Bakı ilə Riqa arasında formalaşa biləcək logistika körpüsü Avrasiya məkanında yeni ticarət marşrutlarının inkişafına təkan verə bilər.
Kənd təsərrüfatı və meşəçilik sahələrində əməkdaşlıq da xüsusi aktuallıq kəsb edir. Latviyanın bu sahədəki qabaqcıl təcrübəsi Azərbaycanın regionlarında həyata keçirilən inkişaf layihələri ilə uzlaşır. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri çərçivəsində bu əməkdaşlıq real iqtisadi dividendlər vəd edir.
Bununla yanaşı, müdafiə sənayesi və yüksək texnologiyalar sahəsində əməkdaşlıq imkanları da qarşılıqlı maraq doğuran sahələr sırasındadır. Süni intellekt, pilotsuz uçuş aparatları və digər innovativ texnologiyalar sahəsində birgə layihələr gələcək əməkdaşlığın yeni istiqamətlərini müəyyən edə bilər.
Səfərin yekunları göstərdi ki, Latviya ilə Azərbaycan arasında münasibətlər yalnız siyasi dialoqla məhdudlaşmır, həm də real iqtisadi layihələr və qarşılıqlı investisiyalarla zənginləşir. Bu isə tərəfdaşlığın uzunmüddətli və davamlı xarakter alacağını deməyə əsas verir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə