“ABŞ–İsrail–İran münaqişəsi, regionda gərginliyin yeni mərhələsindədir” - POLİTOLOQ DANIŞDI
“ABŞ–İsrail–İran münaqişəsi hazırda yüksək intensivlikli, mərhələli hərbi qarşıdurma formasında davam edir. İlkin mərhələdə ABŞ və İsrail tərəfindən həyata keçirilən hava və kiber əməliyyatlar İranın nüvə və hərbi infrastrukturuna yönəldilərək onun müdafiə və idarəetmə imkanlarını zəiflətməyə çalışdı.”
Bu sözləri SİA-ya açıqlqmasında politoloq Züriyyə Qarayeva bildirib.
Onun sözlərinə görə, ardınca İran raket və pilotsuz uçuş aparatları ilə cavab verərək münaqişəni daha geniş coğrafiyaya yaydı:
”Hazırkı mərhələ isə hərbi eskalasiyanın diplomatik kanallarla paralel getdiyi, lakin gərginliyin hələ də azalmadığı kritik bir dövr kimi xarakterizə olunur. Tərəflərin mövqelərində ciddi yumşalma görünmür və vəziyyət həm nəzarətli davam edən, həm də istənilən an daha geniş müharibəyə çevrilə biləcək riskli balansda qalır.
Bu müharibənin nəticələri artıq təkcə hərbi sahə ilə məhdudlaşmır və qlobal sistemə təsir edən genişmiqyaslı böhran xarakteri daşıyır. Yaxın Şərqdə güc balansı pozulub, təhlükəsizlik arxitekturası ciddi sarsıntı keçirir. Enerji bazarları təzyiq altındadır, xüsusilə Hörmüz boğazı ətrafında artan risklər neft qiymətlərində dalğalanmalara və alternativ logistika marşrutlarının gündəmə gəlməsinə səbəb olur. Eyni zamanda beynəlxalq siyasətdə də parçalanma müşahidə edilir: ABŞ-ın müttəfiqləri arasında fərqli yanaşmalar yaranır, Avropa daha ehtiyatlı mövqe tutur, Çin və Rusiya isə vəziyyəti strateji üstünlük imkanına çevirməyə çalışır. Ümumilikdə bu qarşıdurma qlobal güc balansının yenidən formalaşdığı kritik mərhələ kimi dəyərləndirilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB