“Qarabağ regionu Türk dünyasının ortaq əməkdaşlıq platformasına çevrilir“ -DEPUTAT DANIŞDI

“TDT-yə üzv ölkələr yaxşı və çətin günlərdə bir-birnin yanıdadır. Bunu yaşadığımız son illərin qısa tarixi bir daha sübut etdi”.

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.

Onun sözlərinə görə, Füzulidə Qazaxıstan Kurmanqazı Sarıbəy adına Yaradıcılıq Mərkəzi , Özbəkistan Mirzə Uluqbəy adına orta məktəb , Türkmənistan məscid, Ağdamda isə Qırğızıstan Manas adına orta məktəb tikib hədiyyə etməklə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası prosesinə öz qardaşlıq dəstəyini verdilər:
“Türkiyə isə torpaqlarımız işğaldan azad olunduğu ilk gündən bu ərazilərin yenidən qurulması və bərpası prosesində yanımızdadır. Artıq qardaş ölkələrlə bir yerdə işğladan azad olunmuş ərazilərdə birgə müəsisələrin yaradılması prosesi davam etdirilir. Xankəndində trikotaj fabrikası və Zəngilanda Dost Aqroparkı buna misaldır. Bundan sonra da belə nümunələr çox olacaqdır. Qarabağ regionu Türk dünyasının ortaq əməkdaşlıq platformasına çevrilir. Bunlar həm bərpa prosesinin, həm də siyasi həmrəyliyin göstəricisidir.
Azərbaycan da eynilə çətin günlərdə qardaş ölkələrlə bir yerdədir. Belə ki, Türkiyədə əsirin faciəsi hesab olunan zəlzələ baş verəndə Azərbaycan türk qardaşlarının yanında olan ilk ölkə oldu. Zəlzələ xəbəri eşidən kimi xalqımız dərhal səfərbər oılundu, hər kəs öz imkanı çərçivəsində türk qardaşlarına yardımlar göndərməyə başladı. O cümlədən zəlzələnin nəticələrini aradan qaldırılması işində Azərbaycan Türkiyə ilə çiyin-çiyinə dayanaraq Kahramanmaraşda 100 milyon dollar vəsait ayırıb 1000 evdən ibarət yeni bir yaşayış məhəlləsi ərsəyə gətirdi.
Bəli TDT-də dostluqumuz, qardaşlığımız möhkəmləndirir və bizi daha da güclü edir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə