"Belə təmaslar Azərbaycanın sabitliyə xidmət edən mövqe nümayiş etdirdiyini bir daha ortaya qoyur" - ŞƏRH
"Bu telefon danışığı sadəcə iki nazir arasında protokol xarakterli təmas kimi yox, həm də Azərbaycanın Yaxın Şərqdə artan gərginlik fonunda məsuliyyətli və balanslı diplomatik xəttinin növbəti təsdiqi kimi qiymətləndirilə bilər. Martın 15-də baş tutan danışıqda tərəflər bölgədəki təhlükəsizlik vəziyyətini, gərginliyin artmasını və eskalasiyanın qarşısının alınmasının vacibliyini müzakirə ediblər. Rəsmi məlumatlarda xüsusilə region ölkələrinin suverenliyi və ərazi bütövlüyünə hörmətin, eləcə də qonşu dövlətlərin hədəfə alınmamasının vacibliyi vurğulanıb". Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, bu məqam Azərbaycanın xarici siyasət kursu ilə tam üst-üstə düşür:
"Bakı uzun illərdir ki, beynəlxalq münasibətlərdə güc tətbiqinin deyil, siyasi dialoqun, qarşılıqlı hörmətin və beynəlxalq hüququn əsas götürülməsinin tərəfdarı kimi çıxış edir. Səudiyyə Ərəbistanı kimi İslam dünyasının və Yaxın Şərqin aparıcı ölkələrindən biri ilə bu formatda məsləhətləşmələr isə göstərir ki, Azərbaycan artıq yalnız Cənubi Qafqaz kontekstində deyil, daha geniş geosiyasi gündəmdə də etibarlı tərəfdaş və rasional aktor kimi qəbul olunur. Danışığın siyasi mənası ondan ibarətdir ki, Yaxın Şərqdə hərbi-siyasi gərginliyin dərinləşməsi təkcə həmin region üçün deyil, daha böyük coğrafiya üçün risk yaradır. Enerji marşrutları, nəqliyyat dəhlizləri, qlobal bazarlardakı sabitlik və təhlükəsizlik arxitekturası bu proseslərdən birbaşa təsirlənir. Azərbaycan da enerji ixracatçısı və geostrateji tranzit ölkə kimi belə proseslərə biganə qala bilməz. Buna görə də Bakının həm Türkiyə, həm ərəb dünyası, həm də digər regional tərəfdaşlarla intensiv diplomatik təmasları əslində qabaqlayıcı xarici siyasət davranışıdır.
Səudiyyə Ərəbistanı ilə təmasın digər önəmli tərəfi də ondan ibarətdir ki, iki ölkə arasında münasibətlər son illər yalnız ikitərəfli əməkdaşlıq deyil, həm də beynəlxalq və regional məsələlərdə koordinasiya baxımından dərinləşir. Bu telefon danışığı göstərdi ki, Bakı və Ər-Riyad böhranlı məqamlarda bir-biri ilə operativ təmas saxlayan, mövqeləri uzlaşdırmağa çalışan tərəfdaşlardır. Belə bir xətt həm İslam həmrəyliyi müstəvisində, həm də daha geniş diplomatik platformalarda Azərbaycanın imkanlarını gücləndirir.
Feysəl bin Fərhan Əl Səud ilə Ceyhun Bayramov arasında telefon danışığı təkcə cari vəziyyətin müzakirəsi deyil, həm də Azərbaycanın sabitlik, suverenlik və diplomatik həll prinsiplərinə söykənən siyasətinin növbəti ifadəsidir. Bu, Bakının beynəlxalq münasibətlərdə emosional deyil, strateji və məsuliyyətli yanaşmaya üstünlük verdiyini göstərir. Yaxın Şərqdə vəziyyətin həssas olduğu bir dövrdə belə təmaslar Azərbaycanın regional prosesləri diqqətlə izlədiyini və sabitliyə xidmət edən mövqe nümayiş etdirdiyini bir daha ortaya qoyur".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB