"Azərbaycan Prezidenti İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılışında bir çox mühüm məsələlərə toxundu. O, əsasən beynəlxalq hüququn təhlükəsizliyin təmin olunmasında rolu, ölkələr arasında problemlərin yaranması və qlobal qaydaların pozulması nəticəsində təhlükəsizlik məsələlərinin risk altına düşməsi kimi mövzular haqqında danışdı".
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib.

Siyasi şərhçi sözlərinə belə davam edir: "Bu məsələlər bu gün həqiqətən də bütün dünya üçün aktual və vacibdir. Eyni zamanda qeyd edildi ki, Azərbaycan bu riskləri əvvəlcədən görüb, dərk edib və öz təhlükəsizliyinin təmin olunması üçün müəyyən addımlar atıb.
Lakin bildiyimiz kimi, Azərbaycan da dünyanın bir hissəsidir. Dünyada baş verən geosiyasi kataklizmlər və qlobal problemlər ticarət əlaqələrinin pozulmasına gətirib çıxarır və təbii ki, bu proseslər Azərbaycana da təsirsiz ötüşmür. Məhz buna görə də ölkə başçısı çıxışında vurğuladı ki, bu problemlər mütləq şəkildə həll olunmalıdır və beynəlxalq ictimaiyyət, xüsusilə də böyük dövlətlər bu istiqamətdə ciddi addımlar atmalıdırlar. Çünki bu proseslər qlobal iqtisadi və ticarət əlaqələrinə ciddi təsir göstərir.
Bu gün dünyanın enerji təhlükəsizliyi də böyük risk altındadır. Yaxın perspektivdə Hörmüz boğazı ətrafında baş verən hadisələr, xüsusilə İran, ABŞ və İsrail arasında yaranan gərginlik dünya enerji təhlükəsizliyinə ciddi təhlükə yaradır.
Hörmüz boğazı dünyanın ən strateji enerji yollarından biridir. Dünyanın neft və qaz ehtiyatlarının böyük bir hissəsi məhz bu marşrut vasitəsilə daşınır. Bu bölgədə hər hansı hərbi toqquşma və ya təhlükə yaranarsa, bu, qlobal enerji bazarına ciddi təsir göstərir.
Eyni zamanda bu vəziyyət sığorta sektoruna da təsir edir. Çünki həmin marşrutdan keçən gəmilərin sığortalanması artıq daha çətin və baha başa gəlir. Bir çox şirkətlər risklərin artması səbəbindən gəmilərini həmin bölgədən keçirmək istəmir. Bu isə nəticədə dünya bazarında enerji böhranı və logistika problemləri yaradır. Dövlət başçısı çıxışında vurğuladı ki, beynəlxalq münasibətlər və iqtisadi-ticarət əlaqələri beynəlxalq hüquq çərçivəsində qurulmalıdır. Yalnız bu halda təhlükəsizlik və sabitlik təmin oluna bilər.
Lakin təəssüf ki, bu gün beynəlxalq münasibətləri tənzimləyən böyük dövlətlər bəzən daha çox öz geosiyasi maraqlarını düşünürlər. Bu isə qlobal iqtisadi və enerji təhlükəsizliyinin daha da çətin vəziyyətə düşməsinə səbəb olur. Əslində isə bütün münaqişələr və müharibələr dövlətlərin milli maraqları nəzərə alınmaqla, beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır. Təəssüf ki, bu gün biz hələ də bunun tam şəkildə həyata keçirildiyini görmürük".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB