“Çin–Azərbaycan iqtisadi və ticarət əlaqələri sürətlə inkişaf edir” - Səfir

“İki ölkə arasındakı münasibətlərin səviyyəsinin yüksəlməsi ilə yanaşı, Çin və Azərbaycan arasında iqtisadi və ticarət əməkdaşlığı da sürətli inkişaf dinamikası nümayiş etdirir. Keçən il iki tərəfli ticarət dövriyyəsi 4,87 milyard ABŞ dollarına çatıb ki, bu da əvvəlki ilə nisbətən 30,2% çoxdur və ardıcıl üçüncü il rekord göstərici olub. Yanvar ayında isə Çin–Azərbaycan ticarət dövriyyəsi 420 milyon ABŞ dollarına çataraq, Çin ilk dəfə Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşı olub”.

SİA xəbər verir ki, bu sözləri Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey “İki sessiyanın nəticələri və Çin-Azərbaycan əlaqələri” mövzusunda keçirilən mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, Çin şirkətləri Azərbaycanda bərpa olunan enerji, avtomobil istehsalı, informasiya və kommunikasiya texnologiyaları, tikinti materialları istehsalı kimi sahələrdə layihələri aktiv şəkildə həyata keçirir. O bildirib ki, “Bir kəmər – bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq yüksək keyfiyyətli və birgə irəliləyir. Trans-Mərkəzi Asiya Dəhlizi (“Orta dəhliz”) isə qlobal istehsal və logistika zəncirlərinin sabitliyində mühüm rol oynayır.

Lu Mey əlavə edib ki, 8 yanvar tarixində Prezident İlham Əliyevə müşayiət edərək açılışında iştirak etdiyi “Xızı-Abşeron” külək elektrik stansiyası Cənubi Qafqazın ən iri layihəsi olub, 300 mindən çox ailənin enerji təminatını gücləndirəcək və karbon qazının emissiyasını 400 min ton azaldacaq.

Səfir vurğulayıb ki, Çin–Azərbaycan əməkdaşlığı geniş potensiala malikdir və gələcəkdə daha da təkmilləşdirilə, yüksək texnologiya, süni intellekt, informasiya sənayesi və infrastruktur sahələrində inkişaf etdirilə bilər. O, həmçinin Novruz bayramı münasibətilə Azərbaycan xalqına səmimi təbriklərini çatdırıb və iki ölkə arasındakı dostluğun inkişafına dəstək çağırışı edib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə