“Azərbaycan öz təhlükəsizliyinə qarşı hər təhdidə qəti cavab verəcək” - ŞƏRH EDİLDİ

"Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında etdiyi çıxış Azərbaycan dövlətinin öz suverenliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı təhdidə qarşı son dərəcə qətiyyətli mövqe nümayiş etdirdiyini bir daha göstərdi. Dövlət başçısı İran tərəfindən Naxçıvan Muxtar Respublikasına pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumu açıq şəkildə terror aktı kimi qiymətləndirdi və bunun cavabsız qalmayacağını vurğuladı".

Bu sözləri SİA-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, bu mövqe həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış aydın siyasi mesajdır: "Azərbaycan rəhbərliyi uzun illərdir regionda sabitliyin qorunması və qonşu dövlətlərlə normal münasibətlərin saxlanılması siyasətini yürüdür. Prezident İlham Əliyev çıxışında da xüsusi olaraq vurğuladı ki, Azərbaycan heç vaxt öz ərazisinin başqa ölkələrə qarşı istifadə olunmasına imkan verməyib və bu prinsipə daim sadiq qalıb. Buna baxmayaraq, İran tərəfindən irəli sürülən əsassız ittihamlar və informasiya kampaniyaları son dövrlərdə iki ölkə arasında gərginliyin artmasına səbəb olmuşdu. Naxçıvanın mülki obyektlərinin – beynəlxalq hava limanı terminalının, məktəbin və digər infrastrukturların pilotsuz uçuş aparatları ilə hədəfə alınması beynəlxalq hüquq baxımından son dərəcə ciddi pozuntu hesab olunur. Bu cür addımlar təkcə Azərbaycan dövlətinə qarşı deyil, həm də regionda sabitliyə və təhlükəsizliyə qarşı yönəlmiş təhlükəli hərəkətlər kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin çıxışında bu məsələyə xüsusi diqqət yetirilməsi Azərbaycanın belə təhdidlərə qarşı prinsipial mövqe nümayiş etdirdiyini göstərir. Dövlət başçısı həmçinin xatırlatdı ki, bu, İran tərəfindən Azərbaycana qarşı yönəlmiş ilk hadisə deyil. Azərbaycanın Tehrandakı səfirliyinə qarşı həyata keçirilmiş terror aktı da iki ölkə münasibətlərində ciddi gərginlik yaratmışdı. Həmin hadisə zamanı Azərbaycan tərəfinin sərt reaksiyası və diplomatik addımları nəticəsində İran məsuliyyəti qəbul etməyə və terrorçunu cəzalandırmağa məcbur olmuşdu. Bu fakt göstərir ki, Azərbaycan öz diplomatlarının və vətəndaşlarının təhlükəsizliyi məsələsində prinsipial mövqe tutur və bu məsələlərdə güzəştə getmir.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən məqamlardan biri də Azərbaycanın humanitar və qonşuluq prinsiplərinə sadiq qalması idi. Dövlət başçısı qeyd etdi ki, hətta son hadisələrə baxmayaraq Azərbaycan İran tərəfinin humanitar müraciətinə cavab verərək onların diplomatik əməkdaşlarının təxliyəsinə kömək göstərilməsi barədə dərhal göstəriş verib. Bu fakt Azərbaycanın beynəlxalq münasibətlərdə humanizm və məsuliyyət prinsiplərinə sadiq qaldığını nümayiş etdirir. Bununla yanaşı, Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, Azərbaycan dövlətinin səbrini zəiflik kimi qiymətləndirmək olmaz. Silahlı Qüvvələrə cavab tədbirləri hazırlamaq üçün verilən tapşırıqlar ölkənin təhlükəsizlik sisteminin tam hazır vəziyyətdə olduğunu göstərir. Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər xüsusi təyinatlı qüvvələrin yüksək hazırlıq vəziyyətinə gətirilməsi Azərbaycanın öz suverenliyini qorumaq üçün bütün imkanlara malik olduğunu nümayiş etdirir. Ümumilikdə, Prezident İlham Əliyevin çıxışı Azərbaycan dövlətinin təhlükəsizlik və xarici siyasət strategiyasının əsas prinsiplərini bir daha ortaya qoydu. Bu strategiya bir tərəfdən regionda sabitliyin qorunmasına, digər tərəfdən isə dövlətin suverenliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı təhdidə qarşı qətiyyətli cavab verilməsinə əsaslanır. Azərbaycanın mövqeyi aydındır: ölkə sülh və əməkdaşlıq tərəfdarıdır, lakin öz milli maraqlarını və ərazi bütövlüyünü qorumaq üçün bütün zəruri addımları atmağa hazırdır".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə