“İranın addımı regionda sabitlik və əməkdaşlıq mühitinə zərbədir“ - POLİTOLOQ DANIŞDI
“İranın atdığı bu addım beynəlxalq hüquq normalarına, eləcə də mehriban qonşuluq prinsiplərinə və Azərbaycanla mövcud münasibətlərin əsaslarını təşkil edən bütün norma və prinsiplərə tamamilə ziddir”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Aytən Qurbanova bildirib.
Onun sözlərinə görə, İranın bu addımı təkcə ikitərəfli münasibətlərə deyil, həm də İslam həmrəyliyi ideyasına zərbə vurmaqla yanaşı, regionda formalaşmaqda olan yeni təhlükəsizlik və əməkdaşlıq mühitinə də ciddi mənfi təsir göstərir:
Azərbaycan-İran münasibətləri tarixən konstruktiv xarakter daşıyıb. Azərbaycan hər zaman mehriban qonşuluq və dinc yanaşı yaşamaq prinsiplərindən çıxış edərək İranın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə hörmətlə yanaşıb və bu mövqeyi ardıcıl şəkildə qoruyub.
Baş verən hadisələr fonunda da Azərbaycan dünyada nadir ölkələrdən biri kimi İrana qarşı edilən hücumların beynəlxalq hüquqa zidd olduğunu qeyd edib və münaqişələrin yalnız dialoq yolu ilə həll olunmasının tərəfdarı olduğunu açıq şəkildə ifadə edib. Azərbaycan tərəfi hər zaman gərginliyin azaldılması istiqamətində atılan addımları dəstəkləməyə hazır olduğunu bildirib.
Eyni zamanda, İranın ali dini liderinə qarşı baş verən hadisə ilə bağlı Azərbaycan Prezidenti tərəfindən ölkəmizdə fəaliyyət göstərən İranın diplomatik nümayəndəliyinə başsağlığının verilməsi də həm humanitar, həm də siyasi baxımdan mühüm mesaj idi. Bu addım Azərbaycanın regionda sülh, sabitlik və qarşılıqlı hörmət prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirdi.
Belə bir fonda Naxçıvana qarşı həyata keçirilən hücumlar, o cümlədən hava limanının və məktəb binasının yaxınlığının hədəf alınması qətiyyən qəbul edilə bilməz. Bu cür addımlar nə regional münasibətlərə, nə İslam həmrəyliyinə, nə də Azərbaycan-İran münasibətlərinin indiyə qədər formalaşmış tarixinə uyğun gəlir.
Bu səbəbdən hesab edirik ki, İran rəsmiləri baş verən hadisə ilə bağlı məsuliyyəti üzərlərinə götürməli, Azərbaycan dövlətindən rəsmi üzr istəməli və belə bir addımın bir daha təkrarlanmayacağı ilə bağlı məsuliyyətli mövqe nümayiş etdirməlidirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB