“Cənubi Azərbaycan məsələsi İranın daxili siyasətində ciddi sınaqdır” - ŞƏRH EDİLDİ

"İranda yaşayan milyonlarla azərbaycanlının hüquqları məsələsi uzun illərdir region siyasətində ən həssas mövzulardan biri kimi qalır. Tarixi və demoqrafik baxımdan ölkənin ən böyük etnik qruplarından biri olan azərbaycanlıların ana dilində təhsil, mədəni fəaliyyət və ictimai təmsilçilik kimi fundamental hüquqları ilə bağlı problemlər dəfələrlə beynəlxalq təşkilatların hesabatlarında qeyd olunub".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, bu kontekstdə Cənubi Azərbaycan məsələsinin gündəmə gəlməsi təsadüfi deyil: "İran hakimiyyətinin uzun illər ərzində həyata keçirdiyi mərkəzləşdirilmiş və bəzən sərt idarəetmə modeli ölkə daxilində müxtəlif etnik qrupların narazılığına səbəb olub. Azərbaycanlı fəalların təqib olunması, mədəni və dil hüquqları ilə bağlı təşəbbüslərin məhdudlaşdırılması, eləcə də etiraz aksiyalarına qarşı sərt tədbirlərin görülməsi bu narazılıqları daha da gücləndirib. Bununla yanaşı, regionda baş verən geosiyasi dəyişikliklər də bu mövzunu yenidən aktuallaşdırır. Xüsusilə Cənubi Qafqazda baş verən proseslər və Azərbaycanın güclənən mövqeyi İran daxilində yaşayan azərbaycanlıların öz kimlikləri və hüquqları ilə bağlı məsələləri daha açıq şəkildə müzakirə etməsinə səbəb olur. İran hakimiyyətinin bu məsələyə yanaşması daha çevik və inklüziv olmalıdır. Çünki böyük bir etnik icmanın hüquqlarının məhdudlaşdırılması uzunmüddətli perspektivdə ölkə daxilində sosial gərginliyin artmasına gətirib çıxara bilər. Əksinə, mədəni və dil hüquqlarının genişləndirilməsi həm ölkə daxilində sabitliyə, həm də regionda münasibətlərin daha sağlam inkişafına xidmət edə bilər.

Digər tərəfdən, beynəlxalq ictimaiyyət də insan hüquqları məsələlərinə daha çox diqqət yetirməyə başlayıb. İranın müxtəlif bölgələrində yaşayan etnik qrupların hüquqları ilə bağlı müzakirələrin artması göstərir ki, bu məsələ artıq yalnız daxili mövzu kimi deyil, həm də beynəlxalq gündəmin bir hissəsi kimi dəyərləndirilir. Cənubi Azərbaycan məsələsi yalnız etnik və mədəni hüquqlar mövzusu deyil, həm də regionun siyasi sabitliyi və İranın gələcək inkişaf modeli ilə birbaşa bağlı olan mühüm siyasi məsələdir. Bu problemin həlli üçün daha açıq dialoq, hüquqi islahatlar və insan hüquqlarına hörmət əsas şərtlərdən biri hesab olunur".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə