Milli Məclisin bugünkü plenar iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsi müzakirəyə çıxarılıb.
SİA xəbər verir ki, məruzəni ombudsman Səbinə Əliyeva təqdim edib.
Məruzədə:
Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü münasibətilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi rəmzi xarakter daşımaqla yanaşı, dövlətçilik ənənələrimizin möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğunun yeni mərhələyə yüksəldilməsi baxımından strateji əhəmiyyət kəsb etmiş, qanunun aliliyinin və suverenlik dəyərlərinin təbliği və təşviqinə xidmət etmişdir.
Qeyd olunmalıdır ki, ötən il ölkəmiz üçün bir sıra mühüm ictimai-siyasi, sosial və institusional islahatlara əsaslanan proseslərlə yadda qalan olmuşdur. Müasir çağırışlar, qlobal və regional reallıqlar fonunda ölkəmizin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi, dövlət idarəçiliyinin müasirləşdirilməsi, sosial rifahın yüksəldilməsi və dayanıqlı inkişafın təmin olunması istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.
Torpaqlarımızın işğaldan azad edilməsi ilə başlanan, dövrün irimiqyaslı bərpaquruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni inkişaf mərhələsində görülən işlər olduqca təqdirəlayiqdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərimizin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi, geniş miqyaslı müasir infrastruktur layihələrinin həyata keçirilməsi, iqtisadi fəaliyyətin bərpası və sosial xidmətlərə əlçatanlığın təmin olunması istiqamətində davam etdirilən tədbirlər 30 ildən çox doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışına, bununla da pozulmuş fundamental hüquqlarının bərpasına imkan yaratmışdır.
Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə işğaldan azad olunmuş torpaqlarımızda dağıdılmış tarixi, mədəni və dini obyektlərin bərpası və yenidən inşası istiqamətində kompleks tədbirlər davam etdirilməkdədir.
1
Ölkə Prezidentinin yürütdüyü uğurlu xarici siyasət Azərbaycanın regional sülh və təhlükəsizlik gündəminin ardıcıl şəkildə irəli aparılması üçün əlverişli zəmin yaratmış, siyasihüquqi sabitlik və güclənmiş suverenlik amili Azərbaycan və Ermənistan arasında sülh prosesinin yeni mərhələyə keçməsini təmin edən başlıca faktorlardan olmuşdur. Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində iki ölkə arasında Birgə Bəyannamənin imzalanması uzun illər insan hüquqlarının pozulmasına səbəb olmuş münaqişənin bitməsinə, regionda sülh və sabitliyin bərqərar olmasına, dövlətlərarası münasibətlərin, o cümlədən iqtisadi əməkdaşlığın genişlənməsinə və nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafına əsaslı şərait yaratmışdır.
Türkdilli ölkələrlə əlaqələrin inkişaf etdirilməsi Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji və nəqliyyat sahəsində dost və qardaş ölkələr arasında əməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına, habelə koordinasiyalı təhlükəsizlik siyasətinin formalaşdırılmasına xidmət etmiş, insan hüquq və azadlıqlarının qorunması və təşviqi üçün daha əlverişli regional mühitin formalaşmasına töhfə vermişdir.
Qlobal və regional miqyasda əldə edilən mühüm nailiyyətlər, habelə müasir tendensiyalar və çağırışlar Ombudsmanın insan hüquq və azadlıqlarının təmin olunması üzrə fəaliyyətinin daha da təkmilləşdirilməsi, təsisatın institusional potensialının gücləndirilməsi üçün əlverişli zəmin yaratmışdır.
Ötən il Ombudsman Konstitusiya Qanunu ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində insan hüquq və azadlıqlarının müdafiəsi, hüquq pozuntularının qarşısının alınması, habelə hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi çoxşaxəli fəaliyyətini dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, media subyektləri və beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində davam etdirmişdir.
Nəzərinizə çatdırmaq istərdim ki, 2025-ci ildə Ombudsmanın ünvanına 42.685 müraciət daxil olmuşdur. 7/24 rejimində fəaliyyət göstərən Ombudsmanın “916” Çağrı Mərkəzi tərəfindən 14.718 zəng qəbul edilmişdir.
İl ərzində Ombudsman, onun Aparatı və regional mərkəzləri tərəfindən ümumilikdə
9.060 nəfər şəxs qəbul edilmişdir.
Ombudsmana ünvanlanan müraciətlərin araşdırılması məqsədilə aidiyyəti dövlət qurumlarına, idarə, müəssisə və təşkilatlara sorğular ünvanlanmış, bir çox hallarda nöqsan və çətinliklərin aradan qaldırılması və pozulmuş hüquqların bərpası üzrə zəruri tədbirlər görülmüş, təklif və tövsiyələr verilmişdir. Bununla yanaşı, Ombudsmanın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı ərizəçilərə həm qəbul zamanı, həm də rəsmi məktub vasitəsilə hüquqi məsləhətlər, insan hüquq və azadlıqlarının müdafiəsi formaları, üsulları, habelə müxtəlif hallarla bağlı aidiyyəti orqanlara müraciət etmələri barədə izahatlar verilmişdir.
Ötən ilin mühüm hadisələrindən olan “Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri”ndə vətəndaşların seçki hüququnun təmini vəziyyəti Ombudsman tərəfindən diqqətdə saxlanılmış, paytaxtda və regionlarda seçki hüququ ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunmuşdur.
Ombudsman Aparatının və regional mərkəzlərin əməkdaşları tərəfindən 38 şəhər və rayonda, o cümlədən muxtar respublikada 101 seçki dairəsi üzrə 708 seçki məntəqəsində müstəqil olaraq, öz təşəbbüsləri əsasında müşahidələr aparılmışdır. Seçki günü seçki hüquqlarının pozulması ilə bağlı Ombudsmanın ünvanına hər hansı bir şikayət və ya müraciət daxil olmamışdır.
Son illər informasiya texnologiyalarının sürətlə inkişafı, xüsusən də süni intellektin bütün sahələr üzrə geniş tətbiqi informasiya əldə etmək hüququnun reallaşdırılmasına əhəmiyyətli dərəcədə təsir göstərməkdədir. Bu hal xüsusən fərdi məlumatların, habelə qanunla əldə olunmasına məhdudiyyət qoyulan digər məlumatların mühafizəsi ilə bağlı hüquqi tənzimləmələrin təkmilləşdirilməsini və yeni təhlükəsizlik mexanizmlərinin tətbiqini zəruri edir.
Qeyd olunanları nəzərə alaraq, bu sahədə prioritet istiqamətlərin müəyyən edilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, rəqəmsal texnologiyalardan, süni intellektdən düzgün istifadə və nəzarət tədbirlərinin gücləndirilməsi, rəqəmsal savadlılıq və məlumat təhlükəsizliyi mədəniyyətinin inkişaf etdirilməsi üzrə maarifləndirici proqramların həyata keçirilməsi olduqca əhəmiyyətlidir.
İnformasiya əldə etmək hüququnun daha səmərəli təmin edilməsi məqsədilə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununda fiziki şəxslərə özləri barədə fərdi məlumatların təbii inhisar subyektlərindən informasiya sorğusu əsasında əldə etmək imkanını məhdudlaşdıran normaya müvafiq dəyişiklər edilməsi ilə həmin məhdudiyyətin aradan qaldırılması məqsədəmüvafiqdir.
Rəqəmsallaşdırma və süni intellektin bütün sahələrdə olduğu kimi, əmək hüququnun həyata keçirilməsi və müdafiəsi mexanizmlərinə də təsirini nəzərə alaraq, texnoloji dəyişikliklərə hazırlıq məqsədilə regionlar üzrə əmək bazarının öyrənilməsi, işçilərin hüquqlarının qorunmasına yönəlmiş kollektiv tədbirlər planının hazırlanması, süni intellektin tətbiqi nəticəsində ixtisar olunacaq və ya adaptasiya çətinliyi yaşayacaq şəxslərə dəstək mexanizmlərinin yaradılması olduqca zəruridir. Bununla əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi əsas şərtlərdəndir.
Müvafiq icra hakimiyyəti orqanının “Əmək və Məşğulluq” altsistemi üzərindən tərtib olunmuş göndərişlərinin əsassız olaraq icra edilməməsi hallarının aradan qaldırılması üzrə mexanizmlərin işlənib hazırlanması və ya bu kimi hallarda şəxslərin işsizlikdən sığorta müavinəti ilə təmin edilməsi həlli vacib məsələlərdəndir.
Vətəndaşların sosial təminat hüquqlarının daha səmərəli və effektiv qaydada reallaşdırılması məqsədilə, özünüməşğulluğun təşkili prosesi tam başa çatanadək, yəni işsiz şəxslərə əmlak təhvil verilənədək onların məşğulluğun digər formasından yararlanması və ya ünvanlı dövlət sosial yardımı barədə müraciət etməsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması məqsədəmüvafiqdir.
Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilməsinin pensiyaçının səhvindən baş vermədiyini, bu halın müvafiq qurumun fəaliyyətində olan funksional nöqsanlarla bağlı olduğunu, habelə sonrakı tutulmaların əmək pensiyaçısının sosial vəziyyətini ağırlaşdırdığını nəzərə alaraq, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin pensiyaçıdan tutulması üçün qanunvericiliklə müəyyən edilmiş müddətin minimuma endirilməsi zəruri hesab olunur.
Şəxs müddətli həqiqi hərbi xidmətdə olduğu vaxtda onun uşaqlarına ödənilən müavinətin məbləğinin ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğunlaşdırılması məqsədəmüvafiqdir.
Əvvəlki illərdə olduğu kimi, əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə həkimməsləhət komissiyaları tərəfindən rəsmiləşdirilmiş göndərişlərin bir çox hallarda “natamam” hesab edilməsinin qiymətləndirmə prosesində çətinliklərə və əlillik təyinatının müəyyən müddət gecikməsinə səbəb olduğunu nəzərə alaraq, bu prosesdə iştirak edən qurumlar arasında koordinasiyalı və qarışılıqlı etimad prinsipinə əsaslanan fəaliyyətin təmin olunması, qiymətləndirmə prosedurlarının sadələşdirilməsi olduqca vacibdir.
Əlilliyi olan şəxslərin hüquqlarının daha səmərəli təmin olunması məqsədilə infrastruktur obyektlərinin, yaşayış binalarının layihələndirilməsi və tikintisi zamanı həmin şəxslərin tələbatlarının nəzərə alınması məqsədilə layihələndirmə standartlarının yenilənməsi, tikinti prosesində müyəssərlik tələblərinə riayət olunmasına nəzarətin gücləndirilməsi, bu sahədə monitorinqlərin aparılması və çatışmazlıqların aradan qaldırılması, habelə metro və digər ictimai nəqliyyatın əlçatanlıq komponentləri ilə təmin olunması üzrə konkret fəaliyyət mexanizmlərinin hazırlanması və tətbiqi zəruridir.
Əhalinin sağlamlıq hüququnun effektiv şəkildə həyata keçirilməsi məqsədilə regionlarda ixtisaslaşdırılmış tibbi xidmətlərin əlçatanlığının təmin edilməsi və bununla da səhiyyə infrastrukturunun ölkə üzrə balanslı şəkildə təşkili, habelə ilkin səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi vacibdir.
Bununla əlaqədar, “Kənd yerlərindəki tibb müəssisələrinə tibbi kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə nəzərdə tutulan maliyyə təminatlarının dövrün sosial-iqtisadi tələblərinə uyğun yenidən nəzərdən keçirilməsi də məqsədəmüvafiqdir.
Elmi araşdırmalar, habelə bu sahədə digər ölkələrin müsbət təcrübəsi nəzərə alınmaqla şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın həcminə, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısına və miqdarına yenidən baxılması zəruridir.
Bununla yanaşı, onkoloji xəstəliklərin müalicəsində istifadə edilən dərman preparatlarının spektrinin genişləndirilməsi və 2006-cı ildə təsdiq edilmiş “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı”na müasir tələblərə uyğun olaraq yenidən baxılması da məqsədəmüvafiqdir.
Ombudsman yanında Psixi sağlamlıq və insan hüquqları sahəsində İşçi Qrupun fəaliyyəti çərçivəsində sosial şəbəkələr üzrə aparılan monitorinqlərin nəticələrindən irəli gələrək diqqətinizə çatdırmaq istərdim ki, psixi sağlamlıq sahəsində yardım göstərmək hüququ olmayan şəxslər tərəfindən internet üzərindən müvafiq seans və məsləhət xidmətlərinin göstərilməsinin qarşısının alınması üzrə mexanizmlərin işlənib hazırlanması, habelə Psixi Sağlamlıq sahəsində Milli Strategiyanın qəbul edilməsinin sürətləndirilməsi də məqsədəmüvafiqdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Uşaq bağçalarının nümunəvi ştatı”na və “Körpələr evi-uşaq bağçalarının nümunəvi ştatları”na “uşaq psixoloqu” ştatının əlavə edilməsi məsələsi aktual olaraq qalmaqdadır.
Ölkəmizdə uşaqların daha çox istifadə etdikləri sosial şəbəkə, platforma və internet saytları, o cümlədən televiziya proqramları, filmlər və oyunlar üzrə zorakılığı təbliğ edən halların müəyyən edilməsi və qarşısının alınması məqsədilə davamlı monitorinqlərin aparılması, bu yaşda olan şəxslərin psixikasına, sağlamlıq durumuna və davranışına mənfi təsir edə biləcək halların müəyyən edilməsi və məhdudlaşdırıcı tədbirlərin görülməsi, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi həlli vacib məsələlərdəndir.
Təhsil hüququnun ayrı-seçkiliyə yol verilmədən zamanında reallaşdırılması və bununla da bərabərlik hüququnun təmin edilməsi məqsədilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində qiyabi təhsil alan şəxslərə münasibətdə də çağırışa möhlət verilməsi ilə bağlı müvafiq dəyişikliyin edilməsi təklif olunur.
Ölkə üzrə mövcud kitabxana fondlarının vahid rəqəmsal sistemə inteqrasiyasının təmin edilməsi və bununla da mərkəzləşdirilmiş milli kitabxana platformasının yaradılması hər bir şəxsin kitabxana resurslarına onlayn və bərabər çıxış imkanının təmin edilməsi, habelə maliyyə və insan resurslarından daha səmərəli istifadə olunması, idarəetmə və texniki xərclərin optimallaşdırılması baxımından əhəmiyyətli ola bilər.
Müasir informasiya texnologiyalarının istehlakçı hüquqlarına təsirinin davamlı monitorinqinin aparılması, qanunvericiliyin, xüsusilə də “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Elektron ticarət haqqında” Azərbaycan Respublikası qanunlarının və digər normativ hüquqi aktların müsbət beynəlxalq təcrübə əsasında müasir tələblərə uyğunlaşdırılması, bu sahədə maarifləndirici materialların hazırlanması və hədəf qrupları üzrə birgə maarifləndirmə tədbirlərinin keçirilməsinə diqqət artırılmalıdır.
Yaşayış yerinin yeni mülkiyyətçisi tərəfindən həmin ünvana əvvəllər qeydiyyata götürülmüş şəxslərin qeydiyyatdan çıxarılmasının məhkəmədənkənar sadələşdirilmiş mexanizminin işlənib hazırlanması, bununla əlaqədar “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa zəruri dəyişikliklərin edilməsi məhkəmələrinin iş yükünün azaldılması və mülkiyyətçinin hüquqlarının daha səmərəli təmin edilməsi baxımından olduqca vacibdir.
Borclu dövlət orqanlarına münasibətdə məhkəmə qərarlarının icrası mexanizmlərinə yenidən baxılması və bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi aktual məsələlərdən biri olaraq qalmaqdadır.
2025-ci ildə Ombudsman tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm qaydada, habelə daxil olmuş müraciətlər əsasında başçəkmələr davam etdirilmiş, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə səlahiyyətli dövlət qurumlarına müvafiq təklif və tövsiyələr ünvanlanmışdır.
Törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakteri nəzərə alınmaqla, məhkum edilmiş şəxslərin cəza çəkdikləri müddət ərzində ixtisas və peşə bacarıqlarına uyğun olaraq müvafiq sahələrə cəlb olunmaları onların bilik və bacarıqlarından səmərəli qaydada istifadə edilməsinə və həmin məhkumların islah prosesinin effektivliyinin artırılmasına xidmət edə bilər.
Xarici ölkələrin müsbət təcrübəsi nəzərə alınmaqla, yetkinlik yaşına çatmayan, habelə xüsusi ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş məhkumların ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edə bilmələri üçün mexanizmin işlənib hazırlanması həmin şəxslərin təhsil hüququnun təmini baxımından olduqca əhəmiyyətlidir.
Ombudsman il ərzində məhkumların və onların ailə üzvlərinin əfv barədə müraciətlərini nəzərə alaraq, müntəzəm qaydada Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına təkliflərini göndərmiş və Komissiyanın iclaslarında iştirak etmişdir. Ombudsmanın müraciətləri əsasında ümumilikdə 900 məhkum, 2025-ci ildə isə 21 məhkum əfv edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsinə dair təşəbbüsü dövlətin humanizm siyasətinin ardıcıl və sistemli şəkildə davam etdirilməsinin bariz nümunəsi oldu. Bu təşəbbüs əsasında Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilmiş sayca 13-cü olan Amnistiya aktı ümumilikdə 20.000-dən çox şəxsi əhatə etməklə, bu zamana qədər qəbul edilmiş ən geniş miqyaslı amnistiya aktı kimi tarixə düşdü.
Qeyd etmək istərdim ki, şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə həyata keçirilmiş başçəkmələr zamanı rəftar, saxlanma şəraiti, sənədləşmə, tibbi xidmətin vəziyyəti, qidanın rasionu və keyfiyyəti, hüquqların təmini vəziyyəti və s. məsələlər diqqətdə saxlanılmış, konfidensial görüşlər keçirilmiş, əvvəlki başçəkmələr zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində Ombudsmanın tövsiyələrinin icra vəziyyəti yoxlanılmışdır.
2025-ci ildə Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində ümumilikdə 355 başçəkmə həyata keçirilmişdir ki, onlardan 93-ü plandankənar olmuşdur. Başçəkmələr zamanı ümumilikdə 3.462 nəfər qəbul edilmişdir.
Ombudsmanın Müstəqil Monitorinq Mexanizmi funksiyası çərçivəsində uşaqların, qadınların, ahıl və əlilliyi olan şəxslərin hüquqları, onların reabilitasiyası və inklüzivlik məsələləri, habelə bərabərlik hüququnun təmini və ayrı-seçkilik hallarının qarşısının alınması ilə əlaqədar sistemli monitorinqlər həyata keçirilmiş, hesabatlar hazırlanmış və mediada yaılmışdır.
Qanunvericiliyin insan hüquq və azadlıqlarının daha səmərəli təmini baxımından təkmilləşdirilməsi məqsədilə 2025-ci ildə də Ombudsmanın normativ hüquqi aktların, o cümlədən dövlət proqramları və fəaliyyət planları layihələrinə dair verdiyi rəy və təkliflər nəzərə alınmışdır.
Ombudsmanın Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ilə əməkdaşlığı insan hüquq və azadlıqlarının səmərəli təmin olunması baxımından xüsusi önəm daşıyır. Bu əməkdaşlıq Konstitusiyanın aliliyinin təmin edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının pozulmasının qarşısının alınması və hüquqi müdafiə mexanizmlərinin effektivliyinin artırılması məqsədlərinə xidmət edir. Ötən il ərzində Ombudsman tərəfindən Konstitusiya Məhkəməsinə ünvanlanmış üç sorğu üzrə müvafiq qərar və qərardadlar qəbul edilmişdir.
İl ərzində paytaxtda və regionlarda ictimaiyyətin, habelə dövlət qurumlarının insan hüquq və azadlıqları sahəsində məlumatlılıq səviyyəsinin artırılması məqsədilə davamlı olaraq maarifləndirmə tədbirləri həyata keçirilmiş, vətəndaş cəmiyyəti institutları və media ilə qarşılıqlı əməkdaşlıq əlaqələri gücləndirilmişdir.
Nəzərinizə çatdırmaq istərdim ki, 2025-ci il ərzində Ombudsmanın fəaliyyəti ilə bağlı Azərbaycan və ingilis dillərində 245 mətbuat açıqlaması yayımlanmış, rəsmi sosial media hesablarında 1.733 paylaşım edilmişdir. Ombudsman fəaliyyəti haqqında yerli və xarici mediada ümumilikdə 4.083 məlumat yayımlanmışdır.
İnsan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı nümayiş etdirilən ikili standartlara, ölkəmiz əleyhinə qərəzli mövqeyə, dini, etnik və milli ayrı-seçkilik elementləri daşıyan çıxış və yazılara Ombudsman tərəfindən operativ mövqe bildirilmişdir.
İnsan hüquq və azadlıqlarının təşviqi və müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə də xüsusi önəm verilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Ombudsmanı milli insan hüquqları təsisatlarının beynəlxalq və regional şəbəkələrinin rəhbər heyətlərində yüksək səviyyələrdə təmsil olunmaqla yanaşı, onların işlərində fəal iştirak etməkdədir.
İl ərzində beynəlxalq və regional təşkilatlarla, habelə xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müsbət təcrübəmizin qlobal platformalarda tanıdılmasına və nəticə etibarilə respublikamızın beynəlxalq aləmdə mövqeyinin və nüfuzunun daha da möhkəmləndirilməsinə xidmət etmişdir.
Ombudsmanın təşəbbüsü ilə “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda keçirilmiş Ombudsmanların Beynəlxalq Simpoziumu insan hüquqları sahəsində maarifləndirmə fəaliyyətinin mühüm tərkib hissəsi olmaqla yanaşı, müsbət təcrübə mübadiləsinin və insan hüquqlarının müdafiəsi sahəsində milli və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə vermişdir.
Azərbaycan Respublikasının Prezidentinin Simpozium iştirakçılarına ünvanladığı müraciəti müasir çağırışlar fonunda beynəlxalq əməkdaşlıq və birgə səylərin artırılması üzrə gələcək prioritetlərin müəyyən edilməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb etmişdir.
Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarının Milli Məclisin sədri xanım Sahibə Qafarova tərəfindən qəbul edilməsi, insan hüquqları sahəsində çoxtərəfli hüquqi dialoqun dərinləşməsi və institusional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm təşəbbüs olmuşdur.
Ombudsman və onun nümayəndələrinin iştirak etdiyi beynəlxalq tədbirlərdə, insan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlara ünvanlanmış bəyanat, müraciət və açıqlamalarda etnik təmizləmə siyasəti nəticəsində doğma torpaqlarından zorla qovularaq qaçqın düşmüş yüz minlərlə azərbaycanlının fundamental hüquq və azadlıqlarının kobud şəkildə pozulması faktları diqqətə çatdırılmışdır.
Bununla yanaşı, mina probleminə diqqət çəkilərək, işğaldan azad olunmuş ərazilərdə basdırılmış minaların insanların həyat və sağlamlığının itirilməsinə səbəb olduğu, dəqiq mina xəritələrinin bu günədək təqdim edilmədiyi və bu səbəbdən keçmiş məcburi köçkünlərin doğma torpaqlarına geri qayıdışı, təhlükəsiz yaşaması üçün ciddi təhdid və məhdudiyyətlərin yarandığı qeyd edilmişdir.
Ombudsmanın 2025-ci il üzrə Məruzəsində insan hüquqlarının qorunması sahəsində əldə edilmiş nailiyyətlərin, mövcud çətinliklərin obyektiv təhlili təqdim edilməklə yanaşı, insan hüquq və azadlıqlarının daha effektiv təmini və müdafiəsi, normativ hüquqi aktların təkmilləşdirilməsi, institusional koordinasiyanın gücləndirilməsi və dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması üzrə təkliflər də irəli sürülür.
Sonda qeyd etmək istərdim ki, insan hüquqlarının təmin edilməsi yalnız hüquqi öhdəlik deyil, həm də cəmiyyətin mövcudluğunun və davamlı inkişafının, sosial ədalətin və insan ləyaqətinin qorunmasının əsas şərtlərindəndir. Bu baxımdan, dövlət qurumlarını, elm və təhsil müəssisələrini, araşdırma mərkəzlərini, vətəndaş cəmiyyəti institutlarını, media nümayəndələrini və ümumilikdə bütün cəmiyyəti insan hüquqlarının qorunması və təşviqi istiqamətində birgə səylərin və əməkdaşlığın gücləndirilməsinə dəvət edirəm.
Diqqətinizə görə təşəkkür edirəm!
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB