“2003-cü ildən etibarən Azərbaycan iqtisadiyyatı təxminən 4 dəfə artıb" - Vüqar Bayramov

“Əsas məqamlardan biri ondan ibarətdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın mövqeyini daha da gücləndirib və ölkəmizi regionda orta güc mərkəzinə çevirib”.

SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin plenar iclasında çıxışı zamanı səsləndirib.

Deputat bildirib ki, cənab Prezidentin rəhbərliyi dövründə əldə olunan uğurlar təkcə siyasi müstəvidə deyil, iqtisadi sahədə də özünü aydın şəkildə göstərir: “2003-cü ildən etibarən Azərbaycan iqtisadiyyatı təxminən 4 dəfə artıb. Bu nəticə məqsədyönlü iqtisadi islahatların, makroiqtisadi sabitliyin qorunmasının və düzgün inkişaf strategiyasının məntiqi nəticəsidir”.

Vüqar Bayramov vurğulayıb ki, iqtisadiyyatın güclənməsi ölkənin təhlükəsizliyinin və dayanıqlığının möhkəmlənməsinə xidmət edir: “İslahatların dərinləşdirilməsi, məsuliyyətli idarəetmə mexanizmlərinin tətbiqi və yeni iqtisadi modelə keçid Azərbaycanın regionda orta güc dövlətinə çevrilməsini təmin edib”.

Deputat çıxışında işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə də toxunub: “Qarabağ və Şərqi Zəngəzurda intensiv yenidənqurma prosesi həyata keçirilir. Artıq on minlərlə keçmiş məcburi köçkün doğma torpaqlarına qayıdıb, minlərlə ailə yeni və ya əsaslı təmir olunmuş mənzillərlə təmin edilib”.

O qeyd edib ki, son illər dövlət büdcəsi hesabına minlərlə ev tikilərək və ya bərpa olunaraq istifadəyə verilib: “Bu fakt göstərir ki, iqtisadi güclənmə ilə paralel olaraq sosial siyasət də uğurla icra olunur”.

Deputat çıxışının sonunda bildirib ki, iqtisadi inkişaf və Qarabağda aparılan yenidənqurma işləri Azərbaycanın strateji kursunun ardıcıl və sistemli şəkildə həyata keçirildiyini sübut edir və ölkəmizin regional və beynəlxalq mövqelərini daha da möhkəmləndirir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə