“Azərbaycanın Fələstin siyasəti humanitar dəstək və praqmatik yanaşmaya əsaslanır” -POLİTOLOQ DANIŞDI
“Azərbaycanın Fələstin məsələsinə münasibəti ardıcıl və çoxvektorlu xarici siyasət xəttinin tərkib hissəsi kimi qiymətləndirilə bilər”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Yusif Bağırov bildirib.
Onun sözlərinə görə, Bakının həm BMT institutları vasitəsilə, həm də ikitərəfli əsasda Fələstinə humanitar yardımlar göstərməsi ölkəmizin beynəlxalq hüquqa və çoxtərəfli əməkdaşlıq mexanizmlərinə sadiqliyini nümayiş etdirir. Bu yanaşma bir tərəfdən Azərbaycanın qlobal humanitar gündəmdə məsuliyyətli aktor kimi mövqeyini gücləndirir, digər tərəfdən isə İslam dünyası və Qlobal Cənub ölkələri ilə siyasi həmrəyliyini praktik addımlarla təsdiqləyir. Humanitar yardımın məhz BMT kanalları ilə həyata keçirilməsi legitimlik və şəffaflıq baxımından əhəmiyyətlidir, ikitərəfli format isə Bakıya daha çevik və birbaşa siyasi dialoq imkanı yaradır.
Bununla yanaşı, rəsmi mövqedə humanitar yardım ilə investisiya fəaliyyəti arasında aydın fərq qoyulması da vacibdir. Humanitar dəstək əsasən qısamüddətli və təcili ehtiyacların qarşılanmasına yönəlib, siyasi-humanist xarakter daşıyır. İnvestisiya layihələri isə uzunmüddətli sabitlik və hüquqi təminatlar tələb edir. Bu baxımdan Azərbaycanın gələcəkdə Qəzzada infrastrukturun bərpası, enerji, tikinti və ya digər iqtisadi sahələr üzrə layihələrdə iştirak imkanını istisna etməməsi praqmatik yanaşmanın göstəricisidir. Lakin bu cür iştirak yalnız təhlükəsizlik risklərinin azaldığı, maliyyə mexanizmlərinin aydın və şəffaf olduğu, eləcə də investisiya mühitinin minimal sabitlik təmin etdiyi şəraitdə mümkün ola bilər.
Məhz bu kontekstdə 7 milyard ABŞ dolları məbləğində nəzərdə tutulan maliyyə paketi çərçivəsində Azərbaycanın iştirak etməməsi strateji seçim kimi qiymətləndirilə bilər. Bu qərar siyasi imtina deyil, zamanlama və format məsələsidir. Qəzzada davam edən təhlükəsizlik qeyri-müəyyənliyi, vəsaitlərin idarə olunma mexanizmləri ilə bağlı suallar böyük həcmli maliyyə öhdəliklərini riskli edir. Dövlətlərin bu tip təşəbbüslərdə iştirakı yalnız siyasi simpatiya ilə deyil, həm də fiskal məsuliyyət və milli prioritetlər prizmasından dəyərləndirilir.
Azərbaycanın hazırkı mərhələdə genişmiqyaslı daxili bərpa və yenidənqurma proqramları həyata keçirdiyini də nəzərə almaq vacibdir. Post-münaqişə dövründə azad edilmiş ərazilərdə infrastrukturun qurulması, sosial obyektlərin tikintisi və iqtisadi reinteqrasiya layihələri dövlət büdcəsinin əsas prioritetlərindəndir. Bu şəraitdə xaricdə böyük maliyyə öhdəliyinin götürülməsi daha ehtiyatlı yanaşma tələb edir ki, rəsmi Bakı da məhz bunu edir.
Azərbaycan Fələstin məsələsində humanitar məsuliyyətini davam etdirir, siyasi dəstəyini saxlayır və gələcək iqtisadi iştirak imkanlarını açıq qoyur. Lakin böyük maliyyə təşəbbüslərində iştirak qərarı yalnız sabitlik, şəffaflıq və milli maraqların uzlaşdığı şəraitdə verilə bilər. Bu yanaşma dövlətçilik baxımından rasional və uzunmüddətli strateji düşüncənin təzahürü kimi qiymətləndirilə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB