Azərbaycanın Kubadakı səfirliyində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri təşkil olunub.
Səfirlikdən SİA-ya verilən məlumata görə, tədbirdə çıxış edən Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev müstəqilliyinin ilk illərində Azərbaycanın tarixin ağır və ağrılı sınaqlarından keçdiyini, həmin dövrdə ölkəmizin böyük faciələrlə üzləşdiyini bildirib. O qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycana qarşı məqsədyönlü etnik təmizləmə siyasəti həyata keçirilib və bu siyasətin ən dəhşətli təzahürü 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərində törədilmiş misli görünməmiş qətliam olub.
Havanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin və yerli ictimaiyyət təmsilçilərinin iştirak etdiyi tədbirdə səfir vurğulayıb ki, dinc və mülki əhaliyə qarşı həyata keçirilən bu soyqırımı siyasəti yalnız Xocalı ilə məhdudlaşmayıb. Ermənistan tərəfindən Azərbaycanın digər kənd və rayonlarında da kütləvi qırğınlar və genişmiqyaslı dağıntılar törədilib. Diplomat bildirib ki, mülki azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə siyasəti təkcə Xocalı əhalisinin deyil, bütövlükdə Qarabağ bölgəsinin sakinlərinin fundamental hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnib.
Xocalı faciəsini bəşəriyyət tarixinin ən qanlı cinayətlərindən biri kimi səciyyələndirən Ruslan Rzayev qeyd edib ki, soyqırımı zamanı bir gecə ərzində aralarında uşaqlar, qadınlar və yaşlılar olmaqla 613 günahsız mülki şəxs Ermənistan hərbçiləri tərəfindən amansızlıqla qətlə yetirilib.
Səfir çıxışında, həmçinin 44 günlük Vətən müharibəsi və sonradan həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü və əraziləri üzərində suverenliyini tam bərpa etdiyini bildirib. O, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını, erməni işğalı dövründə doğma torpaqlarından didərgin salınmış insanların tarixi yurdlarına qayıdışı məqsədilə həyata keçirilən “Böyük Qayıdış” proqramı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Diplomat, eyni zamanda, Cənubi Qafqaz regionunda formalaşmış yeni reallıqlar və Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycanın irəli sürdüyü sülh gündəliyi haqqında danışıb.
Anım tədbirinin sonunda vaxtilə Azərbaycanda təhsil almış kubalı tələbə tərəfindən səfirliyin dəstəyi ilə hazırlanmış, Xocalı soyqırımına həsr olunmuş ispan dilində videoçarx nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB