”Bu, Azərbaycanın dayanıqlı urban inkişaf strategiyasını yeni mərhələyə daşıyır” - DEPUTAT DANIŞDI
”2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq ili” elan edilməsi dövlətin urban inkişaf sahəsində ardıcıl, sistemli və strateji yanaşmasının yeni mərhələyə keçdiyini nümayiş etdirir”.
Bu sözləri SİA -ya açıqlamasında millət vəkili Ülviyyə Həmzəyeva bildirib.
Onun sözlərinə görə, bu qərar ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən uzunmüddətli quruculuq, bərpa və modernizasiya siyasətinin məntiqi davamı olmaqla, şəhər mühitinin dayanıqlı inkişafını prioritet dövlət siyasəti səviyyəsinə yüksəldir:
“Azərbaycanda formalaşan müasir şəhərsalma siyasəti sosial rifahın yüksəldilməsi, iqtisadi səmərəliliyin artırılması və ekoloji tarazlığın qorunması kimi əsas prinsiplərə söykənir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan “ağıllı şəhər” və “ağıllı kənd” modelləri, yaşıl enerji zonalarının yaradılması, müasir nəqliyyat-logistika və mühəndis-kommunikasiya infrastrukturlarının qurulması region üçün innovativ və nümunəvi inkişaf modeli formalaşdırmışdır. Bu yanaşma “sıfırdan qurulan şəhər” konsepsiyasının praktik reallaşmasını təmin etməklə yanaşı, gələcəkdə digər bölgələrdə də tətbiqi üçün institusional və texnoloji zəmin yaradır.
“Şəhərsalma və Memarlıq ili” çərçivəsində nəzərdə tutulan tədbirlər yaşıl iqtisadiyyatın genişləndirilməsi, su və enerji resurslarının səmərəli idarə olunması, tullantıların müasir üsullarla emalı, rəqəmsal idarəetmə və ağıllı infrastruktur sistemlərinin şəhər mühitinə inteqrasiyasını əhatə edir. Bu kompleks yanaşma şəhərlərin mühəndis-kommunikasiya şəbəkələrinin yenilənməsinə, ekoloji yükün azalmasına, yaşıllıq sahələrinin artırılmasına və vətəndaşların təhlükəsiz, rahat və keyfiyyətli yaşayış mühitinə çıxışının genişlənməsinə xidmət edir.
May ayında Azərbaycanın ev sahibliyi edəcəyi beynəlxalq tədbir isə şəhərsalma siyasətinin qlobal miqyasda təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır. Sözügedən platforma qabaqcıl urban texnologiyaların ölkəyə transferini, beynəlxalq maliyyə institutları və investorlarla əməkdaşlığın dərinləşdirilməsini, eləcə də müasir şəhərsalma standartlarının tətbiqi üzrə konkret yol xəritələrinin hazırlanmasını stimullaşdıracaq.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən şəhərsalma siyasəti Azərbaycanın dayanıqlı inkişaf modelinin əsas sütunlarından biri kimi çıxış edir. “Şəhərsalma və Memarlıq ili” bu strategiyanın institusional möhkəmləndirilməsi və urban inkişafın keyfiyyətcə yeni mərhələyə daşınması baxımından ölkənin sosial-iqtisadi inkişaf tarixində mühüm yer tutacaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB