“Zəngəzur dəhlizi Orta Dəhlizin əsas açar layihələrindən biri hesab olunur” - ŞƏRH OLUNDU

“Azərbaycanın müəllifi olduğu və ABŞ tərəfindən də xüsusi şəkildə dəstəklənən Zəngəzur, yaxud TRIPP dəhlizi layihəsi siyasi, iqtisadi və geostrateji baxımdan olduqca yüksək əhəmiyyətə malikdir”.

Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, bu layihə yalnız regional deyil, eyni zamanda qlobal nəqliyyat və logistika sisteminin mühüm tərkib hissəsi kimi çıxış edir:

“Zəngəzur dəhlizinin əsas siyasi əhəmiyyəti Azərbaycanın coğrafi baxımdan parçalanmış hissələrinin maneəsiz şəkildə birləşdirilməsindədir. Bu, ölkənin milli maraqlarına tam uyğun gələn, suverenlik və ərazi bütövlüyü baxımından strateji əhəmiyyət daşıyan bir təşəbbüsdür. Layihə Azərbaycanın daxili inteqrasiyasını gücləndirməklə yanaşı, regionda yeni siyasi reallıqların formalaşmasına da təsir göstərir.

İqtisadi baxımdan Zəngəzur (TRIPP) dəhlizi Orta Dəhlizin əsas açar layihələrindən biri hesab olunur. Asiya ilə Avropanı birləşdirən bu marşrut Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa ölkələri üçün ciddi iqtisadi dividendlər vəd edir. Dəhliz üzərində yerləşən ölkələr üçün ticarət dövriyyəsinin artması, logistika xərclərinin azalması və yeni investisiya imkanlarının yaranması gözlənilir.

Qeyd edilməlidir ki, Ermənistan da Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə ciddi iqtisadi gəlirlər əldə edə bilər. Bu amil layihənin qarşılıqlı fayda prinsipi üzərində qurulduğunu və region ölkələri üçün ortaq maraqlara xidmət etdiyini göstərir. Məhz bu səbəbdən layihənin əhəmiyyəti regional əməkdaşlıq kontekstində yüksək qiymətləndirilir.

Layihənin digər mühüm tərəfi bölgədə uzunmüddətli, ədalətli və dayanıqlı sülhün təmin olunması perspektividir. Sülh müqaviləsinin imzalanmasından və Zəngəzur dəhlizinin fəaliyyətə başlamasından sonra Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin möhkəmlənəcəyi gözlənilir. Bu, uzun illər davam edən qarşıdurmalardan sonra region üçün yeni inkişaf mərhələsinin başlanğıcı ola bilər.

Bu baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyevin ABŞ-ın vitse-prezidenti cənab Vens ilə birgə mətbuata verdiyi bəyanatda səsləndirdiyi fikirlər xüsusi əhəmiyyət kəsb edir. Prezident öz çıxışında TRIPP layihəsinin bölgədə sülhə, inkişafa və əməkdaşlığa növbəti mühüm töhfə verəcəyini vurğulayıb. Azərbaycanın əsas strateji məqsədinin sülhə nail olmaq, regionda əmin-amanlıq və qarşılıqlı etimada əsaslanan münasibətlər qurmaq olduğu bir daha diqqətə çatdırılıb”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə