"Birləşmiş Ərəb Əmirliklərində cənab Prezident İlham Əliyevə nüfuzlu mükafatın verilməsi onun dünya birliyində apardığı ardıcıl və məqsədyönlü fəaliyyətə göstərilən yüksək qiymətin bariz nümunəsidir. Bu mükafat öz prestiji, beynəlxalq əhatə dairəsi və seçim meyarlarının ciddiliyi ilə seçilir. Təltifetmə mərasimi yüksək səviyyədə və təntənəli şəkildə təşkil olunmuş, tədbirdə iştirak edən nüfuzlu şəxslərin çıxışlarında Prezident İlham Əliyevin siyasi liderliyi, uzaqgörənliyi və qlobal proseslərə verdiyi töhfələr xüsusi vurğulanmışdır".
Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, cənab Prezidentin sülhün təmin edilməsi istiqamətində atdığı addımlar, regionda sabitliyin möhkəmləndirilməsi, güclü və nüfuzlu dövlət quruculuğu sahəsində həyata keçirdiyi islahatlar, eləcə də beynəlxalq birliklə əməkdaşlığın genişləndirilməsi onun uğurlu və balanslaşdırılmış siyasətinin əsas göstəriciləridir:
"Məhz bu siyasətin nəticəsi olaraq Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, sözünə və imzasına sadiq ölkə kimi tanınır. Mükafatı təqdim edən fond tərəfindən Prezident İlham Əliyevin fəaliyyəti, qəbul etdiyi qərarların regional və qlobal proseslərə təsiri hərtərəfli və ciddi şəkildə təhlil edilmiş, bu qiymətləndirmə obyektiv meyarlar əsasında aparılmışdır.
Mükafatın təqdim olunması mərasimində cənab Prezident haqqında səsləndirilən yüksək fikirlər bir daha təsdiq edir ki, İlham Əliyev bu nüfuzlu mükafata tam layiqdir. Onun liderliyi altında Azərbaycanın qazandığı uğurlar, beynəlxalq aləmdə artan nüfuzu və möhkəmlənən mövqeləri dost və tərəfdaş ölkələr tərəfindən böyük hörmətlə qarşılanır. Azərbaycanla dost münasibətlərə malik dövlətlərin bu mükafata verdiyi müsbət reaksiya bir daha göstərir ki, ölkəmizin seçdiyi siyasi yol düzgün və davamlıdır.
Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi kurs beynəlxalq aləmdə rəğbət doğurur, çünki bu kurs qarşılıqlı hörmətə, əməkdaşlığa və ümumi təhlükəsizliyə xidmət edir. Ölkə daxilində mövcud olan sabitlik, sosial-iqtisadi inkişaf, aparılan genişmiqyaslı islahatlar və əldə olunan nailiyyətlər beynəlxalq birlik tərəfindən də yüksək dəyərləndirilir və Azərbaycanın uğurlu inkişaf modelinin təsdiqi kimi qəbul olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB