"Azərbaycan əməkdaşlığın genişlənməsində maraqlıdır" - ŞƏRH

"Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq müxtəlif sahələrdə davam edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, xüsusilə parlamentlərarası əlaqələr, siyasi-iqtisadi münasibətlər, turizm və hərbi sahələrdə əməkdaşlıq aktivləşib: "Hətta hərbi təlimlər də keçirilir ki, bu da tərəflər arasında qarşılıqlı koordinasiyanın möhkəmləndirildiyini göstərir.

Birləşmiş Ərəb Əmirlikləri Yaxın Şərqdə öz geosiyasi mövqeyini gücləndirir və Cənubi Qafqazda da müəyyən siyasətini formalaşdırır. Bu kontekstdə Azərbaycan ilə əməkdaşlıq xüsusilə diqqət çəkir.

Hərbi sahədə müasir təlimlərin keçirilməsi və qoşunlar arasında əməkdaşlığın genişləndirilməsi planlaşdırılır, həmçinin hərbi-dəniz qüvvələri arasında təlimlər təşkil olunur. Birləşmiş Ərəb Əmirliklərinin güclü ordusu, eləcə də siyasi-iqtisadi mövqeyi regionda mühüm söz sahibidir. Azərbaycan da bu əməkdaşlığın daha da genişlənməsində maraqlıdır. Gələcəkdə tərəflər arasında strateji tərəfdaşlıq müqaviləsinin imzalanması və hərbi müttəfiqlik əlaqələrinin qurulması nəzərdə tutulur.
Mənim baxışıma görə, daha çox üçtərəfli əməkdaşlıq formatı təşviq edilməlidir ki, bu da regionda sabitliyin qorunması və qarşılıqlı maraqların təmin olunması baxımından müsbət addım hesab edilə bilər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə