“2026-cı il yanvarın 20-də Davos İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə müasir beynəlxalq münasibətlər sistemində baş verən dərin dəyişiklikləri və Azərbaycanın bu dəyişikliklərə verdiyi cavabı aydın şəkildə ortaya qoydu. Dövlət başçısının səsləndirdiyi mövqelər qlobal proseslərin real mənzərəsini və ölkəmizin bu reallıqlara uyğun strateji xəttini əks etdirir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.
Onun sözlərinə görə, müsahibədə diqqət çəkən əsas məqamlardan biri beynəlxalq hüququn müasir dünyada əvvəlki təsir gücünü itirməsi ilə bağlıdır:
“Ölkə rəhbəri açıq şəkildə qeyd edib ki, “beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür”. Bu fikir hazırkı beynəlxalq sistemin əsas problemini – ikili standartlar və güc balansına əsaslanan yanaşmaları – dəqiq ifadə edir. Məhz belə bir şəraitdə Azərbaycan milli maraqlara söykənən, eyni zamanda beynəlxalq hüququn prinsiplərinə uyğun siyasət yürütməklə suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmişdir.
Dövlətimizin başçısının vurğuladığı kimi, yeni beynəlxalq mərhələdə hər bir ölkə öz siyasətini real potensialına uyğun qurmalıdır. Azərbaycan da bu yanaşma ilə həm regionda, həm də qlobal miqyasda çoxşaxəli əlaqələr formalaşdırmağa nail olub. Balanslı xarici siyasət xətti ölkəmizin etibarlı tərəfdaş kimi qəbul olunmasını təmin edir və onun manevr imkanlarını genişləndirir.
Cənubi Qafqazda sülh gündəliyi müsahibənin əsas istiqamətlərindən biri kimi ön plana çıxır. Azərbaycan Prezidenti İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi regionda sülhün və əməkdaşlığın təşviqi istiqamətində həyata keçirilən siyasətə beynəlxalq səviyyədə verilən qiymət kimi dəyərləndirilməlidir. Uzun illər münaqişə və qarşıdurma ilə yadda qalan Cənubi Qafqaz bu gün yeni inkişaf mərhələsinə daxil olur. Ermənistanla münasibətlərin mərhələli şəkildə əməkdaşlıq müstəvisinə keçməsi də bu siyasətin real nəticəsidir.
Ölkədaxili təhlükəsizliklə bağlı mövqelər Azərbaycanın formalaşdırdığı sabitlik modelini aydın şəkildə göstərir. Dövlət başçısının qeyd etdiyi kimi, ölkə daxilində sistemli risklər mövcud deyil. Bu fakt düşünülmüş daxili siyasətin, güclü idarəetmənin və ictimai sabitliyin nəticəsidir. Eyni zamanda, regional mühitdə baş verən proseslər fonunda sülhün və təhlükəsizliyin Azərbaycan üçün əsas strateji dəyər olduğu bir daha vurğulanır.
Enerji məsələləri ilə bağlı səsləndirilən fikirlər Azərbaycanın regional və qlobal əhəmiyyətini bir daha təsdiqləyir. Bu gün Azərbaycan Cənubi Qafqazda enerji ehtiyatlarına malik və bu resursları qonşu ölkələrə, eləcə də Avropa bazarına ixrac edən yeganə dövlətdir. Avropa İttifaqının üzvü olan 10 ölkə daxil olmaqla, ümumilikdə 16 dövlətə təbii qaz ixracı Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyini möhkəmləndirir.
Avropa Parlamenti ilə bağlı səsləndirilən mövqelər isə Azərbaycanın müstəqil və prinsipial xarici siyasət xəttinin ifadəsidir. Qərəzli və ikili standartlara əsaslanan yanaşmalara reaksiya verməmək qərarı ölkəmizin suveren siyasət yürütmək əzmini və institusional mövqeyini nümayiş etdirir.
Ümumilikdə, Davosda səsləndirilən bu mövqelər göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni qlobal reallıqları düzgün oxuyan, milli maraqlara söykənən və uzunmüddətli strateji hədəflərə hesablanmış siyasət həyata keçirir. Bu xətt ölkəmizin regional sabitlikdə, enerji təhlükəsizliyində və beynəlxalq etibarlılıqda mövqelərini daha da gücləndirir”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB