Xarici işlər nazirinin müavini Somali ilə bağlı fövqəladə iclasda iştirak edib
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri şurasının Somali ilə bağlı fövqəladə iclasında iştirak edib.
XİN-dən SİA-ya verilən məlumata görə, Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutan iclasın məqsədi Somalinin “Somalilənd” bölgəsinin müstəqil dövlət kimi tanınmasına qarşı ölkənin suverenliyi və ərazi bütövlüyünə dəstək vermək, habelə bu istiqamətdə atıla biləcək birgə addımları müzakirə etmək olub.
İclasda çıxış edən Y.Rəfiyev Azərbaycanın Somali Federal Respublikasının suverenliyinə, milli birliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə edib. Nazir müavini İƏT-in Somali üzrə Təmas Qrupunun fəal üzvü kimi Azərbaycanın beynəlxalq ictimaiyyətin, o cümlədən İƏT üzv ölkələrinin məsələ ilə bağlı kollektiv səylərini dəstəkləyəcəyini nəzərə çatdırıb.
Ölkəmizin beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyi vurğulanaraq, müxtəlif regionlarda, o cümlədən Afrika Buynuzu və Qırmızı dəniz hövzəsində sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması üçün məsuliyyətli və beynəlxalq hüquq çərçivəsində davranmağın əhəmiyyəti ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edilib.
İƏT xarici işlər nazirlərinin 22-ci fövqəladə iclasının sonunda üzv dövlətlər tərəfindən Somali və onun ərazi bütövlüyünə birmənalı və qətiyyətli dəstək ifadə edən qətnamə qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB