“Mina təmizləmə prosesi Azərbaycanın Böyük Qayıdış strategiyasının əsas şərtidir“ - POLİTOLOQ DANIŞDI

”İşğaldan azad olunmuş ərazilərdə mina problemi Azərbaycan üçün post-münaqişə dövrünün ən ağır humanitar və təhlükəsizlik çağırışlarından biri olaraq qalır. Uzun illər ərzində Ermənistan tərəfindən bu ərazilər məqsədli və sistemli şəkildə minalanıb”. Bu sözləri SİA- ya açıqlamasında politoloq Polad Mehdiyev bildirib.

Onun sözlərinə görə, bu isə mülki əhalinin geri dönüşünü, infrastrukturun bərpasını və iqtisadi fəaliyyətin başlanmasını ciddi şəkildə ləngidir:

“Hazırda mina təmizləmə işləri dövlətin prioritet siyasət istiqamətlərindən biridir və bu proses mərkəzləşdirilmiş qaydada ANAMA tərəfindən həyata keçirilir. Eyni zamanda Müdafiə Nazirliyi, DİN və beynəlxalq tərəfdaşlar da prosesə cəlb olunub. Azad edilmiş ərazilərdə minlərlə hektar sahə artıq yoxlanılıb, yüz minlərlə mina və partlamamış hərbi sursat zərərsizləşdirilib. Bununla belə, minaların sıxlığı və xəritələrin natamam və ya yanlış təqdim edilməsi işi xeyli çətinləşdirir.

Hüquqi baxımdan mina problemi təkcə təhlükəsizlik məsələsi deyil, həm də beynəlxalq humanitar hüququn kobud pozuntusudur. Mülki əhali üçün təhlükə yaradan, geri dönüş hüququnu əngəlləyən bu vəziyyət Ermənistanın müharibədən sonrakı dövrdə də qeyri-konstruktiv davranışının göstəricisi kimi qiymətləndirilə bilər. Mina xəritələrinin tam və dəqiq verilməməsi beynəlxalq humanitar öhdəliklərə ziddir və hüquqi məsuliyyət yaradır.

Siyasi müstəvidə isə Azərbaycan mina məsələsini beynəlxalq gündəmdə ardıcıl şəkildə qaldırır. Rəsmi Bakı bu problemi təkcə milli deyil, regional və humanitar təhlükəsizlik məsələsi kimi təqdim edir. Məqsəd həm beynəlxalq dəstəyin artırılması, həm də Ermənistan üzərində siyasi-hüquqi təzyiq mexanizmlərinin gücləndirilməsidir.

Minatəmizləmə prosesi Azərbaycanın Böyük Qayıdış strategiyasının əsas şərtidir. Dövlət bu işi mərhələli, planlı və prinsipial şəkildə davam etdirir. Lakin problemin miqyası göstərir ki, bu, uzunmüddətli prosesdir və beynəlxalq ictimaiyyətin real və səmərəli dəstəyi olmadan tam həllini tapması çətindir. Buna baxmayaraq, Azərbaycan öz suveren ərazilərində təhlükəsiz və dayanıqlı həyatın bərpası yolunda qətiyyətli mövqeyini davam etdirir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə