Paytaxtda şübhəlilər saxlanılıb

Xətai rayonu ərazisində 75 yaşlı qadın üzləşdiyi soyğunçuluq hadisəsi ilə bağlı polisə müraciət edib. O, mağazadan alış-veriş edib evə gedərkən qarşılaşdığı iki naməlum şəxsin ona əl yükünü daşımaq üçün kömək etmək istədiyini, daha sonra isə həmin şəxslərin zərərçəkənə məxsus içərisində 195 manat və kartlar olan pulqabını taladığını bildirib.

SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Kazımov və N.Həmidli müəyyən olunaraq saxlanılıblar.

Bundan başqa, paytaxtın Sabunçu rayonu ərazisində fəaliyyət göstərən iaşə obyektlərinin birində çalışan şəxs polisə müraciət edərək dekabrın 31-də çantasından 600 manat dəyərində qızıl-zinət əşyasının oğurlandığını bildirib.

Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 47 yaşlı R.Cəfərov saxlanılıb.

Hər iki fakt üzrə araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə