“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycanın ən dəyərli sərvətidir” - ŞƏRH OLUNDU

“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycanın müstəqillik tarixində ən dəyərli mənəvi sərvətlərdən biri hesab olunur. Bu əlamətdar tarix təkcə milli azadlığımızın rəmzi deyil, eyni zamanda tarixi proseslər, dövlətlərarası qarşıdurmalar və imperiyalar daxilində yaşanan çətinliklər nəticəsində dünyanın müxtəlif guşələrinə səpələnmiş soydaşlarımızın vahid millət ətrafında birləşməsini ifadə edir”. Bu sözləri SİA- ya açıqlamasında politoloq Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, illər ərzində Ümummilli Liderin siyasi iradəsi əsasında formalaşan Azərbaycan diaspor strukturları, lobbi təşkilatları və beynəlxalq platformalar milli maraqların müdafiəsinə, xüsusilə ölkənin ərazi bütövlüyünün təmin olunmasına yönəlib:

”Bu gün qürur hissi ilə demək olar ki, Azərbaycan məğlubiyyət mərhələsindən çıxaraq həmrəylik və zəfər yoluna qədəm qoyub.

Milli birliyin əhəmiyyəti yalnız keçmiş dövrlərlə məhdudlaşmır, həm bu gün, həm də gələcək nəsillər üçün strateji əhəmiyyət daşıyır. Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının milli kimliyini qoruması, ana dilini yaşatması və elmi, texnoloji, iqtisadi, institusional sahələrdə potensialını artırması mühüm vəzifədir. Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri zamanı soydaşlarla görüşlərə xüsusi önəm verməsi, Dünya Azərbaycanlılarının qurultay və forumları vasitəsilə türk dünyası ilə birlikdə qlobal güc mərkəzinin formalaşdırılması bu strategiyanın tərkib hissəsidir.

Azərbaycan xalqının həmrəyliyinin ən parlaq nümunələrindən biri 44 günlük Vətən müharibəsində özünü göstərdi. Həmin tarixi mərhələdə hər bir azərbaycanlı mənəvi və fiziki gücü ilə düşmənə qarşı mübarizəyə qoşuldu və milli birlik nəticəsində şanlı Qələbə əldə olundu. Bu zəfər yalnız bir tarixi hadisə deyil, eyni zamanda gələcək nəsillərə ötürülməli olan böyük milli dəyərdir.

Hazırda regionda və beynəlxalq müstəvidə baş verən proseslər Azərbaycan qarşısında yeni çağırışlar formalaşdırır. Qazanılmış qələbənin qorunması və dünya üzrə 50 milyonluq Azərbaycan xalqının vahid iradə nümayiş etdirməsi bu gün daha böyük əhəmiyyət kəsb edir. Bu mənada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsas missiyası milli birliyi möhkəmləndirmək, lider ətrafında sıx birləşmək və milli ideallara sadiqliyi davam etdirməkdir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü yalnız təqvimdə qeyd olunan bir tarix deyil, milli birlik, həmrəylik və gələcək uğurlara doğru inamla irəliləməyin rəmzi kimi qeyd olunur”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə