"Amnistiya təşəbbüsü siyasi barış və humanitar strategiyanın tərkib hissəsidir" - ŞƏRH EDİLDİ

"Bu amnistiya təşəbbüsünü Azərbaycan dövlətinin post-münaqişə mərhələsində həyata keçirdiyi çoxşaxəli siyasi-humanitar reinteqrasiya və barış strategiyasının tərkib hissəsi kimi qiymətləndirmək olar". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, amnistiya addımı ilk növbədə müharibədən sonrakı dövrdə cəmiyyət daxilində gərginliyin azaldılması, sosial parçalanmanın aradan qaldırılması və hüquqi-siyasi sabitliyin möhkəmləndirilməsi məqsədi daşıyır: "Dövlət bu təşəbbüslə göstərir ki, post-münaqişə mərhələsi təkcə hərbi qələbənin təsbit olunması deyil, eyni zamanda humanitar yanaşma, hüququn aliliyi və gələcəyə yönəlik siyasi məsuliyyət mərhələsidir. Amnistiya siyasəti beynəlxalq praktikada da münaqişədən sonrakı dövrlərdə tez-tez tətbiq edilən yumşaq güc alətlərindən biridir. Azərbaycan kontekstində bu addım, bir tərəfdən, dövlətin özünə inamını və suveren hüquqi sisteminin gücünü nümayiş etdirir, digər tərəfdən isə cəmiyyətə mesaj verir ki, yeni mərhələdə əsas prioritet intiqam deyil, sabitlik, ictimai harmoniya və reinteqrasiyadır.

Eyni zamanda, bu təşəbbüs hüquq-mühafizə sisteminin humanist əsaslar üzərində fəaliyyət göstərdiyini göstərir. Amnistiya fərdi məsuliyyəti aradan qaldırmaqdan daha çox, cəza siyasətinin məqsədini-islah, sosial adaptasiya və yenidən cəmiyyətdə inteqrasiyanı ön plana çıxarır. Bu isə post-münaqişə cəmiyyətləri üçün strateji əhəmiyyət daşıyan psixoloji və sosial sağalma prosesinin mühüm elementidir.

Siyasi baxımdan isə amnistiya təşəbbüsü dövlət-vətəndaş münasibətlərində etimadın gücləndirilməsinə xidmət edir. Dövlət bu addımla sübut edir ki, münaqişədən sonra formalaşan yeni reallıqda idarəçilik yalnız sərt mexanizmlərlə deyil, eyni zamanda inklüziv və humanitar yanaşma ilə aparılır. Bu yanaşma uzunmüddətli sabitliyin və milli birliyin təmin olunmasında mühüm rol oynayır. Amnistiya təşəbbüsünü Azərbaycanın post-münaqişə dövründə həyata keçirdiyi siyasi uzaqgörənlik, humanitar məsuliyyət və sosial barış strategiyasının məntiqi davamı kimi dəyərləndirmək mümkündür".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə