“Azal”a məxsus təyyarənin bilərəkdən vurulduğu təsdiqləndi - TƏHLİL

Dünən olduğu kimi bu gün də Rusiya ziddiyyətli, ikibaşlı siyasi oyunları, ironiya ilə qarşılanan məzhəkələri ilə nəinki regionda, ümumilikdə dünya miqyasında özünü hörmətsiz vəziyyətə salıb. Təbii ki, buna görə ruslar, Rusiya xalqı günahkar deyil, nədən ki, ruslar da dünyada Rusiyanın arzulunmaz dövlət imicindən əziyyət çəkirlər. Rusiyalılar istənilən ölkədə kimliyini, milliyyətini açıqlamağa ehtiyat edir, çəkinirlər. Ona görə də, bu məsələdə rusları birbaşa günahlandırmaq, ittiham etmək ədalətsizlik olardı. Düzdür, dövlətin idarə edilməsi vəzifəsini üzərinə götürən şəxsləri xalqlar yetişdirirlər. Millətlər öz liderlərini formalaşdırır və onun rəhbərliyi ilə fəaliyyətlərini qurur, yaşayır, ömür sürürlər. Bu baxımdan Rusiya hakimiyyət elitasının bugünkü mövcudluğunda haradasa rusların da rolu, dəstəyi olub. Lakin nəzərə almaq lazımdır ki, bəzən fərdlər, qruplar, millətlər də seçimlərində səhvlər edirlər. Görünür, Rusiya xalqı indiki hakimiyyətin formalaşmasında göstərdikləri dəstəyə görə peşmandırlar. Lakin səhvləri düzəltmək, yanlışlığı aradan qaldırmaq gücünə malik deyillər. Çünki hakimiyyət bir əldə cəmlənib. Hansı ki, bir əldə cəmlənən hakimiyyətin bir işarəsi ilə nəinki polis, prokurorluq, hətta ordu hərəkətə keçərək istənilən qrupu məhv edər və ya insanları zindanlara ataraq ömürlük qaranlıq zirzəmilərdə çürüdər. Bununla bağlı çoxsaylı faktlar, məhv edilən taleləri misal olaraq göstərmək olar. Bu azmış kimi Rusiya Ukrayna kimi azad, demokratik dövlətə basqınlar təşkil edərək şəhərləri dağıdıb, milyonlarla insanı ev-eşiyindən didərgin salıb. Müasir dünyanın gözü qarşısında Ukrayna kimi dünya sivilizasiyasına öz mədəniyyəti, dəyərləri ilə mühüm töhfələr vermiş bir dövlət məhv olmaqdadır. Aparılan danışıqlar, irəli sürülən güzəştli təkliflər də nəticə vermir. Çünki hakimiyyətin hikkəli, iddialı baş cəlladı Ukraynadan daha çox şey istəyir, məsələn, tələb edir ki, Zelenski televiziya vasitəsi ilə canlı efirdə desin: "Rusiya ordusu qarşısında dayana bilmədikləri üçün təslim olurlar". Sonra da Zelenski Ukraynanın bir sıra ərazilərini Rusiyaya verdiklərini elan etsin. Yəni, Putin açıq şəkildə Zelenskini, təbii ki, həm də Ukrayna xalqını alçaltmaq istəyir.

Ruslar hakim elitanın zorakı əməllərini qəbul etmirlər, etiraz etmək gücünə də malik deyillər

Zelenskinin Putinin alçaldıcı şərtlərini qəbul edib-etməyəcəyini demək çətindir, hələlik isə görünən ondan ibarətdir ki, həqiqətən də ruslar hakim elitanın zorakı əməllərini qəbul etmirlər, etiraz etmək gücünə də malik deyilllər. Onlar eyni soya, kökə, dinə, mədəniyyətə malik ukraynalıların faciələr içində əzilməsini istəmirlər. Şübhəsiz ki, ruslara "ana" hesab etdiklər Kiyevin dağılması, insanların bombardmanlar nəticəsində də öldürülməsi ağır gəlir. Eyni zamanda, ruslar soydaşları kimi qəbul etdikləri milyonlarla ukraynalıların xarici ölkələrdə az qala dilənçi həyatı yaşamalarından ağrıyırlar, acılar çəkirlər.

Düşünürsən ki, nədən Rusiya hakimiyyət elitası qonşu xalqlara və dövlətlərə qarşı qəddar münasibət bəsləyir? Niyə, 70 il bir bayraq altında, eyini ideologiyaya xidmət etdiyimiz, 1941-1945-ci illərdə faşizmə qarşı birgə mübarizə apardığımız və bu qanlı müharibədə milyonlarla insan qurban verdiyimiz, iqtisadi, sosial bağlılığımızın olduğu və nəhayət, hələ də bir-birimizlə geniş əlaqələr, əməkdaşlıq münasibətləri qurmağa çalışdığımız keçmiş sovetlər birliyində olmuş dövlətlərə düşmən kəsilirsən? Elə bir keçmiş sovet respublikası yoxdur ki, Rusiyanın qəddar siyasətindən əziyyət çəkməsin. Rusiya bir ölkəni işğalla susdurmağa çalışır, digərlərini hədə, təzyiq, təhdidlərlə özünə tabe etdirməyə cəhd edir, başqa birisini ölkəsində yaşayan millətinin nümayəndələrini öldürməklə, həbs etməklə və ya deportasiya etməklə sındırmağa ümid edir. O dərəcədə hikkəli və özündən mənasız yerə razıdır ki, etdiyi cinayət əməlinə görə səhvini etiraf edib üzr istəmək mədəniyyəti də göstərmir. Dəfələrlə Kremlə yaxın televiziyalarda, hakimiyyətin nəzarətində olan sosial şəbəkə hesablarında Azərbaycana qarşı müxtəlif həqiqəti əks etdirməyən informasiyalar yayırlar. Rusiyanın müvafiq orqanları tərəfindən məqsədli şəkildə hibrid təhdidlərlə ölkəmizin imicinə zərbə vurmağa, daxildə çaşqınlıq yaratmağa cəhdlər göstərilir. 25 dekabr 2024-cü ildə Bakı–Qroznı reysini yerinə yetirərkən Azərbaycan Hava Yollarına (AZAL) məxsus "Embraer 190" tipli təyyarənin Rusiya tərəfindən vurulması və bu qeyri-insanı davranışına görə hələ də Azərbaycan xalqından üzr istənilib, kompensasiya ödənilməməsi, günahkarların cəzalandırılmaması Rusiyanın özbaşınalığından və beynəlxalq hüquqa hörmətsiz davranışını göstərir. İlkin istintaqla sübuta yetirilib ki, Qroznıya yaxınlaşarkən təyyarə Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə sistemi tərəfindən hücuma məruz qalıb. Bundan əlavə, Rusiya tərəfinin radioelektron mübarizə vasitələrindən istifadəsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic olub. Bu səbəbdən hava gəmisinin bortu Rusiyanın hava məkanında radarlardan itib.

Təyyarədə ümumilikdə 67 nəfər - 42 nəfər Azərbaycan (37 sərnişin, 5 ekipaj üzvü), 16 nəfər Rusiya, 6 nəfər Qazaxıstan, 3 nəfər isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Aviaqəza zamanı hava gəmisinin komandiri İqor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov və stüardessa Hökumə Əliyeva həyatını itirib.Qəza zamanı sərnişinlərin xilas olunmasında ekipaj üzvlərinin peşəkarlığı və fədakarlığı xüsusi rol oynayıb.

"Hər şey yaxşı olacaq" deyirdi...

Hadisə nəticəsində təqaüdə çıxmasına cəmi iki ay qalan hava gəmisinin kapitanı İqor Kşnyakin, bir il idi pilot kimi fəaliyyət göstərən köməkçi pilot Aleksandr Kalyaninov, həmçinin sərnişinlərə son ana qədər ümid verən "Hər şey yaxşı olacaq" sözləri ilə yadda qalan təyyarə bələdçisi Hökumə Əliyeva həlak olublar. Onlar göstərdikləri misilsiz fədakarlığa görə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüblər. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan digər ekipaj üzvləri – stüard Zülfiqar Əsədov və stüardessa Aydan Rəhimli isə göstərdikləri şücaətə görə 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif olunublar.

Hadisədən sonra təyyarə qəzasının səbəblərinin araşdırılması məqsədilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə dövlət komissiyası yaradılıb. Eyni zamanda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə də Dövlət Komissiyası formalaşdırılıb. Bundan başqa, Azərbaycan və Qazaxıstan ombudsmanları tərəfindən birgə işçi qrupu yaradılıb.

Beynəlxalq Mülki Aviasiya Təşkilatının Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatında bildirilir ki, Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları" QSC-yə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin qalıqlarının kor zədələrində hava gəmisinə məxsus olmayan kənar obyektlər aşkarlanıb. Hesabata əsasən, aşkarlanan kənar obyektlər götürülüb və həmin kənar obyektlərin foto şəkilləri ilkin hesabat mətnində ictimaiyyətə təqdim edilib.Bildirilib ki, gələcəkdə aşkar olunmuş kənar obyektlərin dəqiq mənsubiyyətinin müəyyənləşdirilməsi məqsədilə əlavə ekspertizaların keçirilməsi planlaşdırılıb. Sərnişin təyyarəsinə qarşı törədilən vəhşiliyin ildönümü ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin açıqlamasında deyilir ki, "Embraer 190" tipli Azərbaycan Hava Yolları aviaşirkətinə məxsus, Bakı–Qroznı reysini yerinə yetirən və Aktau yaxınlığında qəzaya uğrayan hava gəmisinin aviaqəzasının səbəblərinin araşdırılmasının yekun başaçatma müddəti bütün təyin olunmuş tədqiqatların və işlərin tamamlanma vaxtından asılıdır: "ICAO-nun 13 saylı Əlavəsinin müddəalarına uyğun olaraq, aviasiya hadisəsinin araşdırılmasının yeganə məqsədi gələcəkdə oxşar halların qarşısını almaqdır. Nəqliyyat Nazirliyinin yaratdığı Aviasiya Hadisələrinin Araşdırılması Komissiyasının apardığı araşdırma ilə yanaşı, Qazaxıstan hüquq-mühafizə orqanlarında cinayət işi üzrə istintaq da aparılır".

"Aralıq bəyanat sənədində daxili partlayış faktını istisna edən oksigen balonlarının zədələnməməsi faktı vurğulanır"

Qazaxıstan Nəqliyyat Nazirliyinin açıqlamasında o da qeyd edilir ki, Aviasiya hadisəsinin araşdırılmasının yekun başaçatma müddəti bütün təyin olunmuş tədqiqatların və işlərin tamamlanma vaxtından asılıdır: "Hadisənin səbəbləri və ya ona təsir edən amillər, eləcə də uçuşların təhlükəsizliyi ilə bağlı tövsiyələr yekun hesabatda əks olunacaq".

Azərbaycan tərəfi "AZAL"-a məxsus hava gəmisinin qəzasının ildönümü ilə bağlı Qazaxıstan tərəfinin nəşr etdiyi aralıq bəyanat ilə əlaqədar məlumat yayıb. Məlumatda "Embraer 190-100 IGW" tipli sərnişin təyyarəsinin qəzası ilə bağlı Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsi əsasında araşdırmanın davam etidirildiyi bildirilib. Qeyd olunub ki, araşdırma Qazaxıstanın Nəqliyyat Nazirliyi tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO), Azərbaycan, Braziliya və Rusiya nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Bu araşdırmadan əlavə, üç ölkənin (Azərbaycan, Qazaxıstan və Rusiya) istintaq orqanları öz səlahiyyətləri çərçivəsində qəza ilə bağlı cinayət işinin istintaqını da həyata keçirir.

ICAO tələblərinə uyğun olaraq, Qazaxıstan bu il fevralın 4-də ilkin hesabat nəşr edib. İlkin hesabat yalnız aşkar edilmiş faktları özündə əks etdirib və hər hansı təhlil, habelə nəticələri ehtiva etməyib.

Çikaqo Konvensiyası çərçivəsində həyata keçirilən araşdırmanın nəticələrini özündə ehtiva etməli olan yekun hesabatın tamamlanması qəzanın ildönümü tarixinə mümkün olmayıb. Məhz buna görə Qazaxıstan ICAO-nun tələblərinə uyğun olaraq aralıq bəyanatı ictimaiyyətə təqdim edib.

Aralıq bəyanat sənədində daxili partlayış faktını istisna edən oksigen balonlarının zədələnməməsi faktı vurğulanıb. Habelə hava gəmisinə zərər vurmuş partlayıcı qurğunun hissəcikləri olan kənar metal obyektlərin silah sisteminə aid olması ilə bağlı məlumat qeyd olunub. Bununla belə həmin silah sisteminin modeli barəsində məlumat aralıq bəyanat mətnində qeyd edilməyib. Xatırladaq ki, həmin silah sisteminin Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələrinə aid olması həmin ölkənin Prezidentinin siyasi bəyanatında artıq qeyd olunub.

Qeyd edək ki, növbəti mərhələdə Qazaxıstan tərəfi tamamlanmış araşdırmanın nəticələrini özündə əks etdirən yekun hesabat mətnini ictimaiyyətə təqdim etməlidir. Aralıq bəyanat sənədindən fərqli olaraq yekun hesabat sənədi daha təfərrüatlı, işin araşdırılması ilə bağlı aşkar olunmuş bütün faktiki məlumatları, qəzanın səbəbinin təhlilini və gələcəkdə bənzər qəzalara yol verilməməsi üçün tövsiyələri özündə əks etdirməlidir.

"Azal" a məxsus təyyarənin vurulması Rusiyanın qəddar və qeyri –insanı davranışının göstəricisidr. Bu cinayətin cəzasız qalması qəbuledilməzdir. Rusiya dövlətinin kompensasiya ödəməməsi və təyyarəni bilərəkdən vuran canilərin hələ də azadlıqda olmaları beynəlxalq hüquqa meydan oxumaq deməkdir. Belə dövlətiləri sonu heç zaman yaxşı olmur. Nümunə olaraq, Serbiyanı, İraqı, Liviyanı, nəhayət faşizmin bir zaman meydan suladığı Hitler Almaniyasını göstərmək olar.

İLHAM ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə