"Dövlət siyasətində mərhəmət və ədalət prioritetdir" - ŞƏRH

"Möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən Milli Məclisə amnistiya aktının təqdim edilməsi dövlətimizin humanizm prinsiplərinə, hüquqi dövlət fəlsəfəsinə və sosial ədalət anlayışına sadiqliyinin növbəti bariz nümunəsidir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib.

Onun sözlərinə görə, amnistiya aktı mərhəmət və ədalət balansının dövlət siyasətində əsas prioritetlərdən biri olduğunu göstərir: "Xüsusilə vurğulamaq istərdim ki, ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar çərçivəsində irəli sürülən amnistiya təşəbbüsü cəzadan azad edilən şəxslərin ailələri ilə yenidən birləşməsi və cəmiyyətin sağlam mənəvi mühitinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu addım cəmiyyətə ikinci şans vermək, insanlarda məsuliyyət və hüquqa hörmət hissini gücləndirmək baxımından da dəyərli presedentdir.

Eyni zamanda xüsusi qeyd edilməlidir ki, amnistiya aktının məhz Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində icrası birlik, bağışlama və həmrəylik dəyərlərini təşviq etməklə yanaşı, dövlət–vətəndaş münasibətlərində qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edir. Möhtərəm cənab Prezident İlham Əliyevin növbəti humanist addımı ailələrə sevinc bəxş edir, həmrəyliyin gücləndirilməsinə xidmət edir.

Amnistiya təşəbbüsü dövlət başçımız cənab İlham Əliyevin insanpərvər siyasətinin növbəti mühüm təzahürüdür. Göstərilən diqqət və qayğı məhz xalqla dövlət arasında birliyin, vəhdətin təntənəsidir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə