“Amnistiyanın əhatə dairəsinin geniş olması diqqətəlayiqdir“ - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya təşəbbüsü hüquqi sistem, sosial ədalət və humanist prinsiplərin bir araya gəlməsini nümayiş etdirən mühüm dövlət addımı kimi qiymətləndirilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, bu təşəbbüs çərçivəsində təxminən 20 mindən çox şəxsin əhatə olunacağı bildirilir və azadlığa buraxılacaq qruplar arasında Vətən müharibəsi və 2023-cü il antiterror əməliyyatlarının iştirakçılarının yaxınları, habelə müharibə nəticəsində əlil olmuş, qadınlar, 60 yaşdan yuxarı şəxslər və cinayət törədərkən yetkinlik yaşına çatmayanlar yer alır.
“Bu yanaşma amnistiyanı sadəcə hüquqi tədbir deyil, həm də humanist və sosial məsuliyyət aktı kimi təqdim edir.
Amnistiyanın həm hüquqi, həm də sosial aspektləri diqqətə layiqdir. Hüquqi baxımdan, akt cəmiyyətin azadlıqdan məhrum etmə institutuna yanaşmasını balanslaşdırır. Daha konkret desək, cəzanın tərbiyəvi funksiyasını nəzərə alaraq azadlığa buraxılan şəxslərin yenidən sosial həyata inteqrasiyasına şərait yaradır. Sosial və humanist baxımdan isə təşəbbüs həm fərdlərə ikinci şans vermək, həm də onların ailələrinə və ümumilikdə cəmiyyətə təsirini azaltmaq məqsədini daşıyır. Bu yanaşma, həmçinin dövlətin vətəndaşlarla qarşılıqlı etimadının gücləndirilməsinə xidmət edir.
Tarixi perspektivdə amnistiya təşəbbüsləri hər zaman Azərbaycanda dövlətçilik ənənəsinin bir hissəsi olub. Prezident İlham Əliyev tərəfindən irəli sürülən bu təşəbbüs də həmin ənənəni davam etdirir və müasir dövrün sosial-siyasi tələbləri ilə uzlaşdırır. Belə yanaşma bir tərəfdən dövlətin hüquqi siyasətini humanist prinsiplərlə əlaqələndirir, digər tərəfdən isə cəmiyyətə ədalət və mərhəmət dəyərlərini nümayiş etdirir.
Amnistiyanın əhatə dairəsinin geniş olması da diqqətəlayiqdir. Burada təkcə böyük ictimai təhlükə törətməyən şəxslər deyil, həmçinin az ağır cinayətlərə görə cəzalanmışlar da nəzərə alınıb. Bu, qanunvericilik və cəmiyyət arasında tarazlığı qorumaq, eyni zamanda hüquqi sistemin ədalətlilik prinsipini gücləndirmək məqsədini güdür.
Prezidentin təşəbbüsü Azərbaycan cəmiyyətində həm humanist dəyərlərin möhkəmlənməsinə, həm də hüquqi sistemin etibarlılığının artırılmasına xidmət edir. Amnistiya aktı dövlətin vətəndaşlara qarşı məsuliyyətli, sosial və hüquqi baxımdan balanslı mövqeyini nümayiş etdirir və cəmiyyət üçün pozitiv sosial mesaj verir”.

Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə