"Prezidentin görüşü münasibətləri normallaşdırır" - ŞƏRH

"Azərbaycan davamlı şəkildə bölgədə təhlükəsizlik məsələlərinin həllinə töhfə verməkdədir. O cümlədən İranla münasibətlər məsələsində də çox diqqətli davranır". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi sözlərinə belə davam edib: "Amma təəssüf olsun ki, uzun müddət İran tərəfi bu diqqəti uyğun şəkildə nəzərə almayıb, münasibətləri gərginləşdirib və iki ölkə arasında həqiqətən arzuolunmaz bir duruma səbəb olub.

Bütün bunlara baxmayaraq, Azərbaycan yenə də təmkinini pozmayıb, çalışıb ki, İran dövləti ilə aramızda heç bir problem olmasın. Həqiqətən də Azərbaycan bunu bacarıb.

İndi, əlbəttə ki, Prezidentin İran rəsmisini qəbul etməsi, müzakirə aparması, onu dinləməsi və öz fikirlərini çatdırması əslində iki tərəfli münasibətlərin normallaşmasına əlavə töhfədir.

Əlbəttə ki, Azərbaycan Prezidenti çox təcrübəli bir siyasətçi və dövlət xadimidir. Dünyaca tanınan, qəbul edilən, sözünə güvənilən bir liderdir. Mən düşünürəm ki, İranın Xarici İşlər Naziri bunun fərqində olmalıdır. Eləcə də İran hakimiyyəti bunun fərqində olmalıdır ki, Azərbaycan dövlətinin lideri kimi bir şəxs – yəni İlham Əliyev – onlarla bu cür danışıqlar aparır, müzakirə edir və onun imkanlarından İran dövləti həm özü, həm də bölgə üçün faydalana bilər.

Əlbəttə, bunu anlaya bilsələr. Amma anlamasalar da yenə problem deyil. Çünki biz, bilirsiniz ki, təmkinimizi pozmuruq və öz siyasətimizi uyğun bildiyimiz şəkildə davam etdiririk.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə