“İran Azərbaycanla münasibətləri normallaşdırmağa çalışır” - POLİTOLOQ

"Azərbaycan Prezidenti İlham Əliyevin İran Xarici İşlər naziri ilə görüşü indiki məqamda diqqət çəkir. Məsələ ondan ibarətdir ki, hər iki ölkə arasında uzun müddətdir davam edən bir narazılıq və soyuqluq var idi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Onun sözlərinə görə, xüsusən də İran Prezidenti Məsud Pəzəşkianın hakimiyyətə gəlişi sonrası tərəflər arasında dialoq yenidən bərpa edildi, gərginliyin aradan qaldırılmasına çalışıldı: "Bir çox hallarda buna nail olundu. Hətta Pəzəşkianın Azərbaycanın iki dəfə səfəri və bu səfərlər zamanı Azərbaycan dili, Azərbaycan kimliyinin ön plana çəkilməsi, Azərbaycan-İran münasibətlərindəki gərginliyi normallaşmağa və sabitləşməyə keçirdi.

Təbii ki, bundan sonra İran tərəfindən bir çox rəsmilərin Azərbaycana səfəri oldu. Məhz indiki məqamda İran Xarici İşlər Nazirinin səfəri də həmin səfərlərin məntiqi davamıdır. Əslində, hesab edirəm ki, bu səfərlər kontekstində İran Azərbaycanla münasibətləri normallaşdırmağa çalışır. Gələcək perspektiv baxımından prinsip etibarilə Azərbaycanın İranla heç bir problemi yoxdur. Yəni, bu günə qədər də biz İrana qarşı hər hansısa bir neqativ addım atmamışıq.

İran əgər Azərbaycanla münasibətləri normallaşdırmaq istəyirsə və qonşuluq münasibətlərini davam etdirmək istəyirsə, bizim də buna verə biləcəyimiz cavab ancaq müsbət olacaq. Yox, əgər İran tərəfi yenidən prosesi gərginləşdirərsə və yaxud da gələcəkdə bənzər insidentlər təkrar olunarsa, Bakının da verəcəyi cavab hər zaman hazırdır.

Azərbaycanın İrandan yeganə gözləntisi sülh və qonşuluq münasibətləridir. Bunun xaricində Bakı İranla əməkdaşlığı davam etdirir. İqtisadi münasibətlərimiz, siyasi sahədə əməkdaşlığımız davam edir ki, bunların hamısı kifayət qədər diqqətəlayiqdir.

Bundan başqa, əslində, indiki məqamda İranın Azərbaycana daha çox ehtiyacı var. İranın Avropaya çıxışı bu gün Azərbaycanın üzərindən keçir. Xüsusilə də Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycanın üzərindən keçir. İran başa düşür ki, Azərbaycan bu gün regionda nəqliyyat habı rolunu oynayır. Eyni zamanda enerji daşınmasında da Azərbaycanın fəaliyyəti olduqca təqdirəlayiqdir. Azərbaycan bu gün faktiki olaraq Avropanın alternativ enerji təminatçısı rolunu oynaya bilər və ildən-ilə bu potensialını artırır. İran da bu prosesdə Bakı ilə birlikdə hərəkət edə bilər.

Mənə elə gəlir ki, cənab Prezidentlə xarici nazir arasında keçirilən görüşün pərdəarxası məqamlarında da bu detallar olub və məhz Azərbaycan-İran münasibətlərində gələcəkdə hansı xəttin tutacağı müəyyənləşib. Biz İranın davranışına uyğun olaraq hər zaman rəftar edəcəyik. Əgər bizə qarşı münasibət yenidən kəskinləşərsə və neqativləşərsə, bizim də ona verəcəyimiz cavab fərqli olacaq. Yox, əgər İran münasibətləri normallaşdırmaq istəyirsə, təbii ki, qarşısında hər zaman dost bir Azərbaycan görəcək".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə