"Bu yaxınlaşma Cənubi Qafqazda güc balansını yeni konturlarda formalaşdırır" - POLİTOLOQ

"Azərbaycan və İran arasında rəhbər səviyyəsində fəallaşan qarşılıqlı səfərlər, eləcə də müxtəlif sahələri əhatə edən konkret yol xəritələrinin mövcudluğu Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiyanın formalaşmasına ciddi təsir göstərir. Bu yaxınlaşma ilk növbədə regionda sabitliyin möhkəmləndirilməsi, sərhəd təhlükəsizliyinin artırılması və əməkdaşlıq platformalarının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Amid Əliyev deyib.

Onun sözlərinə görə, iki ölkə arasında əlaqələrin intensivləşməsi həm regional güc balansına, həm də üçüncü dövlətlərin bölgəyə dair planlarına təsir edən mühüm faktordur: "Son illərdə Azərbaycan və İran münasibətlərində kommunikasiya kanallarının bərpası, enerji, nəqliyyat və ticarət sahələrində konkret layihələrin razılaşdırılması regiondakı qarşıdurma risklərini azaldır və daha proqnozlaşdırıla bilən əməkdaşlıq mühiti yaradır. Bu yaxınlaşma həm də Cənubi Qafqazda geosiyasi boşluqların yaranmasına imkan vermir və bölgənin qlobal güclər üçün rəqabət meydanına çevrilməsinin qarşısını alır. İranın yüksək səviyyəli nümayəndələrinin ardıcıl səfərləri, Azərbaycan rəhbərliyinin dialoqa verdiyi önəm qarşılıqlı etimadı artıran əsas amillərdəndir. Geosiyasi baxımdan bu əməkdaşlıq Zəngəzur dəhlizi, regional nəqliyyat marşrutları və enerji xətləri kimi strateji məsələrlə birbaşa əlaqəlidir. Azərbaycan və İranın paralel logistika layihələri həyata keçirməsi, Araz çayı boyunca yol və dəmir yolu infrastrukturunun genişləndirilməsi bölgədə yeni iqtisadi xəritə yarada bilər. Bu da digər regional aktorların balans yaratmaq cəhdlərinə təsirsiz ötüşmür. Üçüncü ölkələr bu yaxınlaşmanı bölgədə təsir dairələrinin dəyişməsi kimi qiymətləndirir və bu səbəbdən tərəflər arasında əməkdaşlığın dərinləşməsi geosiyasi rəqabətin konturlarını yenidən formalaşdırır.

Bununla yanaşı, Azərbaycan–İran münasibətlərinin normallaşması regionda qütbləşməni azaldır və çoxşaxəli diplomatik əməkdaşlıq üçün yeni imkanlar açır. Hər iki ölkə sərhədlərində sabitlik və iqtisadi aktivlik yaratmaqla Cənubi Qafqazın təhlükəsizlik arxitekturasına töhfə verməyə çalışır. Bu yaxınlaşma həm də Ermənistanla normallaşma prosesinə dolayı təsir göstərir, çünki regiondakı kommunikasiya layihələrinin açılması İranın da maraqlarına uyğundur. Rəhbər səviyyəsində artan dialoq və konkret yol xəritələrinin mövcudluğu Azərbaycan və İran arasında yeni strateji mərhələnin başlandığını göstərir. Bu proses Cənubi Qafqazda güc balansını daha çox regional aktorların xeyrinə dəyişir və bölgənin xaricdən idarə olunan gərginliklərdən uzaqlaşmasına şərait yaradır. Bu yaxınlaşma regionda sabitlik, iqtisadi inteqrasiya və çoxqütblü əməkdaşlıq modelinin güclənməsinə real töhfə verir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə