“Heydər Əliyevin adı ilə müstəqil Azərbaycan dövləti arasında ayrılmaz bağ var” - ŞƏRH EDİLDİ

"Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və memarıdır. Azərbaycanda sabitliyin, həmrəyliyin və milli kimliyin formalaşmasında onun müstəsna rolu olmuşdur. Məhz o, azərbaycançılıq ideologiyasının müəllifi kimi Azərbaycan xalqının milli birliyini və kimliyini müəyyən etmişdir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Heydər Əliyev bu gün 30 illiyini qeyd etdiyimiz Azərbaycan Konstitusiyasının banisidir: "Milli Konstitusiyamız Azərbaycanın hüquqi dövlət prinsipini, demokratik dəyərlərini, ərazi bütövlüyünü və suverenliyini təsbit edir. Sevindirici haldır ki, Heydər Əliyevin yaratdığı dövlətçilik əsasları bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına səbəb olmuşdur. Ümumiyyətlə, Heydər Əliyevin adı ilə müstəqil Azərbaycan dövləti arasında birbaşa və ayrılmaz bağ vardır. Biz "müstəqil Azərbaycan" dedikdə Heydər Əliyevi, "Heydər Əliyev" dedikdə isə müstəqil Azərbaycanı düşünürük. Bu gün onun möhkəm təməllər üzərində qurduğu Azərbaycan dövləti inkişaf edir, güclənir və xalqın təhlükəsizliyini, rifahını təmin edir.

Ulu Öndərin siyasi fəaliyyətinin ən dəyərli cəhətlərindən biri də onun uzaqgörənliyi və strateji düşüncə tərzidir. O, ölkənin milli maraqlarını regionda və beynəlxalq arenada qorumaq üçün uzunmüddətli, davamlı və praqmatik siyasət müəyyənləşdirmişdir. 1990-cı illərin mürəkkəb tarixi şəraitində Azərbaycanı dağılmaq təhlükəsindən çıxarmaq, dövlət institutlarını qurmaq, iqtisadi sabitliyi bərpa etmək və sosial sarsıntıları aradan qaldırmaq məhz onun siyasi iradəsi hesabına mümkün olmuşdur. Ulu Öndər həmçinin Azərbaycanın enerji strategiyasının müəllifidir. “Əsrin müqaviləsi” adlanan tarixi sənəd təkcə ölkənin iqtisadi inkişafının təməlini qoymadı, həm də Azərbaycanın qlobal enerji xəritəsində mühüm mövqe qazanmasına səbəb oldu. Bu layihə beynəlxalq əməkdaşlığın, regional təhlükəsizliyin və iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edərək, sonrakı onilliklərdə dövlət büdcəsinin formalaşmasında həlledici rol oynadı.

Heydər Əliyevin milli-mənəvi dəyərlərə verdiyi xüsusi önəm də onun dövlətçilik fəlsəfəsinin mühüm tərkib hissəsidir. O, mədəni irsin qorunmasını, ana dilinin inkişafını, tarixi yaddaşın bərpasını dövlət siyasətinin prioritet istiqamətlərinə çevirmişdir. Bu gün Azərbaycan cəmiyyətinin birliyi, həmrəyliyi və güclü milli şüuru həmin siyasətin nəticəsidir.

Onun müəyyənləşdirdiyi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan regionda söz sahibi olan, öz siyasi xətti olan və beynəlxalq arenada müstəqil mövqeyi ilə seçilən dövlətə çevrilmişdir. Ərazi bütövlüyünün tam bərpa olunması isə Heydər Əliyev siyasətinin məntiqi yekunu, onun müəyyən etdiyi dövlətçilik yolunun uğurla tamamlanmasıdır. Bu gün Azərbaycan təkcə regional güc deyil, həm də siyasi, iqtisadi, hərbi və mədəni baxımdan dayanıqlı inkişaf modelinə sahib dövlətdir. Bütün bu nailiyyətlər Heydər Əliyevin qurduğu möhkəm dövlət təməllərinin üzərində yüksəlir və onun ideyalarının zamanın sınağından çıxdığını bir daha təsdiqləyir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə