TDT çərçivəsində QHT həmrəyliyinin strateji əhəmiyyəti NƏDİR ? - ŞƏRH

“Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının Həmrəylik Forumu mühüm ictimai-siyasi və strateji əhəmiyyət daşıyan bir platforma kimi çıxış edir” . Bu sözləri SİA- ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Politoloqun fikirlərinə görə, bu forum, təşkilat çərçivəsində mövcud olan dövlət başçıları arasında qarşılıqlı etimad, mehriban münasibətlər, siyasi tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin vətəndaş cəmiyyəti müstəvisində də möhkəmləndirilməsinə xidmət edir: "Belə bir şəraitdə təkcə rəsmi siyasi münasibətlərin deyil, eyni zamanda sosial, humanitar və intellektual sahələr üzrə əməkdaşlığın genişləndirilməsi zəruri və aktual hesab olunur. QHT-lər və beyin mərkəzləri arasında institusional əməkdaşlığın qurulması Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsində mühüm rol oynayır. Bu baxımdan forumun Bakıda, eləcə də işğaldan azad olunmuş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında keçirilməsi yalnız rəmzi xarakter daşımır, həm də real siyasi və mənəvi mesaj verir. Bu tədbirlər Türk dövlətləri arasında həmrəyliyin, ortaq tarix və mədəni dəyərlər üzərində qurulan münasibətlərin gücləndirilməsinə töhfə verir və qarşılıqlı etimad mühitini daha da möhkəmləndirir.

Forum platforması çərçivəsində vətəndaş cəmiyyəti institutlarının nümayəndələri bir-birini daha yaxından tanımaq, təcrübə mübadiləsi aparmaq və yeni əməkdaşlıq layihələri formalaşdırmaq imkanı əldə edirlər. Bu, uzunmüddətli və məqsədyönlü layihələrin reallaşdırılması üçün davamlı və möhkəm institusional zəmin yaradır. Nəticə etibarilə, QHT-lərarası dialoq Türk dünyasında sosial kapitalın artmasına və inteqrasiya proseslərinin davamlılığına şərait yaradır.

Cənab Prezident İlham Əliyevin forum iştirakçılarına ünvanladığı müraciətdə səsləndirdiyi mühüm tezislər də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısının Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında uzunmüddətli və genişmiqyaslı layihələrin həyata keçirilməsi ilə bağlı çağırışı regionda strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu çağırış gələcək dövrdə konkret təşəbbüslərin və birgə proqramların reallaşdırılmasının əsas ideoloji və siyasi istiqamətini müəyyən edir.

Gözlənilir ki, bu layihələrin praktiki icrası Türk dövlətlərinin yalnız siyasi müttəfiqliyini deyil, eyni zamanda iqtisadi, mədəni və humanitar əməkdaşlığını da daha da gücləndirəcəkdir. Bu proses xalqlar arasında qarşılıqlı anlaşmanı möhkəmləndirəcək, dövlətlərarası münasibətlərin təşviqinə, inkişafına və dərinləşməsinə sistemli şəkildə xidmət edəcəkdir.

Türk Dövlətləri Təşkilatı çərçivəsində keçirilən QHT Həmrəylik Forumu həm regional əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi, həm də Türk dünyasında vahid və koordinasiyalı vətəndaş cəmiyyətinin formalaşdırılması baxımından strateji platforma kimi qiymətləndirilməlidir”.

Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə