YAP-ın yaradılmasının 33 illiyi qeyd edilib

2025-ci il noyabrın 18-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzinin akt zalında Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 33-cü ildönümü ilə əlaqədar “Müasir Azərbaycanın inkişafında Yeni Azərbaycan Partiyasının rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Eldar İbrahimov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının üzvü Aydın Hüseynov, Milli Məclisin üzvü Səbinə Xasayeva, YAP Qaradağ Rayon Təşkilatı və Qaradağ Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşları, şəhid ailələrinin üzvləri, Qarabağ qaziləri, rayon ictimaiyyətinin nümayəndələri və partiya fəalları iştirak ediblər.

Əvvəlcə Heydər Əliyev Mərkəzinin binası qarşısında Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülməklə əziz xatirəsi yad olunub.

Sonra tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətindən bəhs edən kitab sərgisi və uşaqların əl işlərindən ibarət eksponatlarla tanış olublar.

Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının yaranmasından və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev partiyanın 33 il ərzində keçdiyi şərəfli yol haqqında ətraflı məlumat verib. O, Ulu öndər Heydər Əliyevin fikir və düşüncələrindən, onun fəaliyyət prinsiplərindən yoğrularaq formalaşan partiyanın tarixi zərurətdən yaranmasından, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü mühüm işlərdən geniş bəhs edib. O, partiyanın yaranmasını Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi töhfələrdən biri kimi yüksək qiymətləndirib. Bu siyasətin layiqli davamçısı olan Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrətinin və beynəlxalq nüfuzunun daha da artdığını xüsusi vurğulayıb.Konfransda çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 1992-ci ildə partiyanın yarandığı vaxt Naxçıvandakı ağır vəziyyəti təsvir edib, həmin dövr Naxçıvana Ulu öndəri görməyə gələn, onun rəbərliyi altında partiyanın yaranmasına çalışan insanların fəaliyyətlərinin dövlətçilik baxımından böyük tarixi əhəmiyyət daşıyan bir hadisə olduğunu bildirib.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Eldar İbrahimov 1990-93-cü illərdə Azərbaycanda baş verən ictimai-siyasi prosesləri təhlil edib, o vaxtkı hakimiyyətlərin səriştəsiz idarəçiliyini, xalqı uçuruma aparan, vətəndaş qarşıdurması yaradan siyasətini tənqid edib. O, Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan Yeni Azərbaycan Partiyasının 33 il müddətində zəngin və şərəfli yol keçdiyini və bunun hər YAP üzvünün qəlbində qürur hissi doğurduğunu bildirib. YAP-ın yarandığı çətin günlər barədə xatirələrini bölüşən Eldar İbrahimov bu siyasi təşkilatın qısa zaman kəsiyində Azərbaycanın və regionun ən güclü, mütəşəkkil siyasi qüvvəsinə çevrildiyini, bu partiyanın xalqımızın milli maraqlarının ifadəçisi olduğunu qeyd edib. YAP-ın yarandığı ilk gündən xalqımızın ən fəal və mübariz nümayəndələrinin qorxmadan bu partiyanın sıralarına qoşulduğunu vurğulayan YAP İdarə Heyətinin üzvü bu partiyanın yaranmasının həm də xalqımızın mütəşəkkilliyinin və yüksək siyasi təfəkkürünün göstəricisi olduğunu deyib. O, bu gün YAP-ın öz sıralarında ölkəmizin qabaqcıl gənclərini toplayaraq yetkin siyasi qüvvəyə çevrildiyini bildirib.

Konfransda çıxış edən Milli Məclisin deputat, YAP Təftiş Komissiyasının üzvü Aydın Hüseynov YAP-ı tarixi zərurətdən və kəskin ehtiyacdan yaranmış bir siyasi təşkilat kimi xarakterizə edərək həmin dövr və baş verən proseslər, Qaradağ rayonunda YAP-ın rayon təşkilatının yaranması istiqamətində görülmüş işlər barədə xatirələrini bölüşüb. O bildirib ki, həmin vaxt Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışının ölkəni xaosdan və özbaşınalıqdan xilas edəcəyini görən qabaqcıl Qaradağ ziyalıları Ulu öndərin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyasını bu yolda əsas vasitələrdən biri kimi qəbul edirdi.

Milli Məclisin üzvü Səbinə Xasayeva çıxışında YAP-ın yarandığı ilk günlərdən öz sıralarında gəncləri sıx şəkildə birləşdirməsindən və ötən dövrdə əldə edilmiş nailiyyətlərdə xalqımızın gənc nəslinin fəal iştirakından bəhs edib. O qürur hissi ilə vurğulayıb ki, onun təmsil etdiyi gənc nəsil YAP-ın bu gün YAP-ın fəaliyyətində fəal iştirak etməklə xalqımızın şanlı tarixinin ən parlaq səhifələrinin yazılmasında, 30 ildən yuxarı işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsində mühüm rol oynayıb.

Tədbirdə çıxış edən Şəhid anası Leyla Musayeva şanlı Zəfərin əldə edilməsində Ulu öndərin əsasını qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin mühüm rol oynadığını bildirib. O, xüsusi vurğulayıb ki, Vətən Müharibəsində şanlı Zəfər məhz xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyev ətrafında yumruq kimi birləşməsi, qəhrəman oğullarımızın müdrik rəhbərin əmrlərini rəşadətlə yerinə yetirməsi nəticəsində mümkün oldu. Dövlət rəhbərliyinin şəhid ailələrinə və qazilərə xüsusi diqqətlə yanaşmasına görə minnətdarlığını bidirən Leyla Musayeva qəhrəman şəhidlərimizin xatirəsinin daim yüksək tutulacağına əmin olduğunu da bildirib.

Məşhur “91-lər”in nümayəndəsi, Qaradağ rayon İcra Hakimiyyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov çıxış edərək ötən əsrin 80-ci illərinin sonu 90-cı illərin əvvəllərində Azərbaycanın görünməmiş fəlakətlə qarşılaşdığı bir zamanda Ulu öndər Heydər Əliyevin rəhbərliyi və ölkənin qabaqcıl ziyalılarının təşəbbüsü ilə formalaşan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi yoldan və ölkəmizin bu gün qazandığı böyük uğurlarda oynadığı mühüm roldan bəhs edib. O, böyük Zəfərin hər bir azərbaycanlının qəlbini qürur hissə ilə doldurduğunu və gələcəyə böyük inam yaratdığını xüsusi qeyd edib.
Tədbirdə çıxış edən rayon ağsaqqalı Mirtağı Tağıyev 70-80-ci illərdə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda və keçmiş SSRİ-də həyata keçirilən böyük layihələrdən, Bakı-Tbilisi-Ceyhan Əsas Neft Boru Kəməri, Bakı-Tbilisi-Qars Dəmir Yolu kimi xətlərin əhəmiyyətindən bəhs edib.

Konfransda Qaradağ rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup YAP üzvü Fəxri Fərmanla təltif edilib və partiya sıralarına yeni qəbul edilmiş gənclərə üzvlük vəsiqələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə