Müstəqil Azərbaycanın inkişaf strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl, məqsədyönlü və strateji yanaşma əsasında həyata keçirilir. Son illərdə ölkənin iqtisadi, sosial, infrastruktur, ekoloji və idarəetmə sahələrində aparılan sistemli islahatlar dövlətin gücünü artırmış, xalqın rifahını yüksəltmiş və milli suverenliyi daha da möhkəmləndirmişdir.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətçilik tarixində yeni mərhələ olmaqla yanaşı, idarəetmədə keyfiyyətin artırılması, regionların davamlı inkişafı və məmur məsuliyyətinin gücləndirilməsi istiqamətində xüsusi əhəmiyyət kəsb edir.
12 noyabr 2025-ci ildə Prezident İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayon icra hakimiyyəti başçılarını qəbul etməsi dövlət başçısının regionlara göstərdiyi diqqətin bariz göstəricisidir. Prezidentin çıxışında səsləndirilən fikirlər həm idarəçilik fəlsəfəsinin mahiyyətini, həm də ölkənin sosial-iqtisadi inkişafının prioritetlərini ortaya qoyur.
Məmur davranışının əsas prinsipi - təvazökarlıq və xalqa xidmət
Dövlət başçısı yeni təyinat alan rəhbərlərə müraciət edərək vurğulamışdır: “Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır.”
Bu çağırış Prezident İlham Əliyevin idarəetmə modelində məmurun mənəvi simasının, etik davranışının və xalqla münasibətlərinin necə önəmli olduğunu göstərir. Sadəlik, təvazökarlıq və ədalət hissi hər bir dövlət qulluqçusunun davranış kodeksinin əsası olmalı, məmur fəaliyyətinin mərkəzində isə xalqa xidmət dayanmalıdır. Bu mesaj həm də idarəetmədə şəffaflığın, məsuliyyətin və etik standartların qorunmasına yönəlmiş strateji çağırışdır.
Regionların inkişafında yeni mərhələ
Prezident İlham Əliyev ölkənin bütün bölgələrində həyata keçirilən genişmiqyaslı layihələrin real nəticələr verdiyini vurğulayaraq qeyd etmişdir:
“Bizim bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb. Magistral yollar müasir standartlara cavab verir. Bütün şəhərlərdə içməli su layihələri icra edilir.”
Qeyd olunan fikirlər son illərdə regionlarda aparılan yenidənqurma, sosial infrastrukturun inkişafı, müasir kommunikasiya şəbəkələrinin qurulması və iqtisadi fəallığın artması ilə müşayiət olunan yeni inkişaf mərhələsini təsdiqləyir. Yeni iş yerlərinin yaradılması, sahibkarlığın dəstəklənməsi və sosial rifahın yüksəlməsi regionlarda dayanıqlı iqtisadi mühit formalaşdırmışdır.
Sosial siyasətin əsası – sosial ədalət
Ölkə başçısı çıxışında sosial siyasətin strateji təməl prinsipini belə ifadə etmişdir: “Əsas prinsip sosial ədalət prinsipidir.” Müvafiq yanaşma gəlir bölgüsü, sosial təminat, kadr siyasəti, infrastrukturun paylanması və ekoloji qərarların qəbulunda vətəndaş mərkəzliliyini təmin edir. Sosial ədalət dövlət siyasətinin bütün sahələrində əsas istiqamət kimi çıxış edir.
Ekoloji tarazlıq və yaşıl inkişaf
Prezident ekologiyanın dövlət siyasətində mühüm yer tutduğunu vurğulayaraq demişdir: “Bölgələrdəki ekoloji tarazlıq mütləq qorunmalıdır, ətraf mühitə böyük diqqət göstərilməlidir.”
Sözügedən məsələ, Azərbaycanın “yaşıl inkişaf” prioritetləri və ekoloji təhlükəsizliyin gücləndirilməsi siyasətinin davamıdır. Ölkə başçısının “Qara şəhəri Ağ şəhərə çevirdik” ifadəsi isə ekoloji düşüncənin və şəhərsalma siyasətinin uğurlu nəticələrini simvolizə edir.
Xalqa xidmət - məmurların əsas məsuliyyəti
Prezident İlham Əliyevin yeni təyinat alan məmurlara müraciətində səsləndirdiyi fikirlər məmur fəaliyyətinin əsas ideoloji istiqamətini müəyyən edir: “Əminəm ki, öz işinizlə bu etimadı doğruldacaqsınız və xalqın rəğbətini qazanacaqsınız.”
Xalqın rəğbəti, etimadı və məmnuniyyəti hər bir rəhbər üçün ən ali qiymət və ən yüksək dəyərdir. Bu, həm dövlətə sədaqətin, həm də məmur fəaliyyətinin mahiyyətinin təcəssümüdür.
Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB