"2003-cü ildə İlham Əliyev cənabları Azərbaycan xalqının dəstəyi ilə böyük səs çoxluğu qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. O, Ali Baş Komandan və Azərbaycan dövlətinin başçısı kimi ölkənin inkişafına mühüm töhfələr verdi. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsi təkcə bir hərbi əməliyyat deyildi – bu, eyni zamanda Ermənistan və onun havadarlarına qarşı aparılan ölüm-dirim savaşı idi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.
Onun sözlərinə görə, Ermənistan illərlə havadarlarının dəstəyinə arxalanaraq Azərbaycanı yeni torpaqların işğalı ilə hədələyirdi: "Lakin Azərbaycan dövləti və onun rəhbəri bu hədələri susdurdu, qalib ölkə kimi tarixə düşdü. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsindən sonra qələbənin dörd əsas şərtini vurğuladı. Bu, onun hakimiyyətə gəldiyi gündən Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirdiyinin bariz sübutudur. Necə ki, Ümummilli Lider Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətində demişdi: “Mən ona – İlham Əliyevə özüm qədər inanıram”.
Doğrudan da, İlham Əliyev cənabları bu etimadı doğruldaraq ölkəni qələbəyə apardı. Xalq və iqtidar birliyi sayəsində “dəmir yumruq” formalaşdı və xalq bu yumruğun bir parçasına çevrildi. Qarabağ probleminin tarixi gerçəkləri dünyaya çatdırıldı, əsl həqiqətlər mövcud sənədlərlə əsaslandırıldı. Güclü iqtisadiyyat sayəsində Azərbaycan ən müasir silahlarla təchiz olundu, maliyyə imkanları genişləndi. Dövlət başçısının dediyi kimi: “17 illik hakimiyyətim dövründə əsgərimdən bir gün ayrı qalmadım”. İlham Əliyev hakimiyyətə gəldiyi gündən güclü, nizam-intizamlı və müasir texnika ilə təchiz olunmuş ordu qurmaq üçün bütün səylərini göstərdi və buna nail oldu.
Azərbaycan dövlət başçısı ölkə tarixinə mühüm yenilik gətirdi. Son 300 ildə – Nadir Şahdan sonra ilk dəfə Azərbaycan itirilmiş torpaqlarını, işğal altında olan ərazilərini geri qaytardı. Qarabağın və Şərqi Zəngəzurun azad olunması İlham Əliyev cənablarının adı ilə bağlıdır. Bu, Azərbaycan tarixinin ən böyük hadisəsidir – zirvədir. Çünki xalq və onun etimad göstərdiyi Ali Baş Komandan ölkəni qalib dövlətə, xalqı qalib xalqa çevirdi.
1923-cü ildən bəri separatçı yuvasına çevrilmiş Qarabağ 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrın 19-dan 20-nə keçən gecə keçirilmiş antiterror əməliyyatı nəticəsində separatçılardan tam azad edildi. Müstəqil Azərbaycanın üçrəngli bayrağı bu torpaqlarda qürurla dalğalanmağa başladı. Bunu yaradan – Qarabağın və Şərqi Zəngəzurun Fatehi, Prezident İlham Əliyevdir. Əminik ki, illər keçəcək, amma bu tarix unudulmayacaq. Azərbaycan bu gün suveren və müstəqil dövlətdir. İşğaldan azad edilmiş torpaqlarda dağıdılmış mədəniyyət, tarixi və dini abidələrin bərpası istiqamətində böyük işlər görülür. Azərbaycan bütün dünyaya bəyan edib ki, xalqı və dövləti sülhsevərdir, lakin heç vaxt işğalla barışmayacaq. Ermənistanın və ona havadarlıq edən qüvvələrin bütün planları puç oldu.
Bu gün İlham Əliyev cənabları xalqın etimadını tam doğrultmuş, Azərbaycanı qalib dövlətə çevirmiş lider kimi tarixdə öz layiqli yerini tutmuşdur. Onun rəhbərliyi altında görülən işlər bu gün də uğurla davam etdirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə