“Mehriban xanım Əliyevanın fəaliyyəti humanizmə, insanpərvərliyə və milli dəyərlərə dərin bağlılığa söykənir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyətində, elmində və humanitar sahəsində müstəsna xidmətləri olan ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, xalqımızın sevimlisi Mehriban xanım Əliyevanın doğum günüdür”. Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.

Jalə Əliyeva sözlərinə belə davam edib: “Mehriban xanım Əliyevanın fəaliyyəti humanizmə, insanpərvərliyə və milli dəyərlərə dərin bağlılığa söykənir. O, təkcə Azərbaycanda deyil, bütün dünyada xeyirxahlığın, təmənnasız köməyin, mədəniyyətlərarası dialoqun və sülhün simvoluna çevrilmişdir. Heydər Əliyev Fondu vasitəsilə həyata keçirilən layihələr milli-mədəni irsimizin qorunmasına, təhsilin və səhiyyənin inkişafına, sosial rifahın yüksəldilməsinə xidmət edir.

Mehriban Əliyeva həmçinin Azərbaycanın dünyada təbliğində, ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və tolerantlıq ənənələrinin dünyaya çatdırılmasında böyük rol oynayır. Onun beynəlxalq arenada qazandığı nüfuz yüksək mənəvi keyfiyyətlərinin göstəricisidir.

Bu gün Mehriban xanım Əliyeva təkcə bir dövlət xadimi deyil, həm də Azərbaycan qadınının müasir simvoludur – zərifliyi, təvazökarlığı, zəhməti və müdrikliyi ilə hər bir insana nümunədir. Onun fəaliyyəti həm gənclər üçün yol göstəricidir, həm də xalqımızın qürur mənbəyidir.

26 avqust - dəyərli və əziz Mehriban xanımın doğum günü - xalqımız üçün sevgi, ehtiram və minnətdarlıqla qeyd edilən bir gündür.

Özünün ölçüyəgəlməz xeyirxah, humanist əməlləri ilə Azərbaycan və dünya qadın tarixinin parlaq səhifəsini yazan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, fədakar fəaliyyətində daim uğurlar arzulayırıq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə