"Azərbaycan, Türkmənistan və Özbəkistanın əməkdaşlığı regionun geoiqtisadi rolunu artıracaq" - POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin üçtərəfli Türkmənistan görüşü regionun geosiyasi və iqtisadi mənzərəsi baxımından xüsusi önəm daşıyır. Bu görüşü bir neçə əsas aspektdə qiymətləndirmək mümkündür". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, burada regional əməkdaşlığın yeni bir mərhələsindən danışmaq olar. Son illərdə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında enerji, nəqliyyat və ticarət sahələrində inteqrasiya tendensiyası güclənir. Azərbaycan Xəzər regionunda tranzit ölkə kimi mühüm mövqeyə malikdir: "Türkmənistanın zəngin qaz ehtiyatları, Özbəkistanın isə həm enerji, həm də sənaye potensialı bu üçlüyün əməkdaşlığını strateji baxımdan daha da vacib edir. Görüşdə əsasən enerji layihələri, xüsusən də qaz və elektrik ixracının alternativ marşrutlarla daşınması müzakirə mövzularından biri olub. Türkmənistan və Özbəkistanın resurslarının Azərbaycan üzərindən Avropaya çıxarılması yalnız iqtisadi deyil, həm də siyasi baxımdan əhəmiyyətlidir. Bu, həm də Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verə bilər. Digər bir məsələ isə, nəqliyyat-logistika məsələləri gündəmdədir. Orta Dəhliz – yəni Çindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya çıxan marşrut – hazırda ən perspektivli layihələrdən biridir. Azərbaycan, Türkmənistan və Özbəkistanın bu dəhlizdə daha sıx əməkdaşlığı regionun geoiqtisadi rolunu artıracaq, həm də Çin və Avropa arasında strateji tranzit imkanlarını genişləndirəcək. Bu üç ölkə həm tarixi-mədəni yaxınlıqlara, həm də ortaq maraqlara malikdir. Onların birgə fəaliyyəti regionda sabitlik və təhlükəsizlik üçün də mühüm rol oynaya bilər. Xüsusilə də, regional güclərin – Rusiya, İran və Çinin təsir imkanlarının artdığı bir dövrdə, Azərbaycan-Türkmənistan-Özbəkistan üçlüyünün ortaq mövqeyinin formalaşdırılması balanslaşdırıcı faktor kimi çıxış edə bilər.

Türkmənistanda baş tutan üçtərəfli görüş təkcə ikitərəfli münasibətlərin deyil, həm də bütövlükdə türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsi baxımından mühüm mərhələdir. Bu format, gələcəkdə daha geniş regional əməkdaşlıq platformasının əsasını qoya bilər və xüsusilə enerji, nəqliyyat və təhlükəsizlik sahələrində yeni imkanlar yaradacaq".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə