"Proqram çərçivəsində sosial və iqtisadi bərpa işləri aparılır" - MÜNASİBƏT BİLDİRİLDİ
"Böyük Qayıdış proqramı 2022-ci ildə qəbul edilmiş və məqsədi işğaldan azad edilmiş torpaqlarda sistemli yenidənqurma, sosial və iqtisadi bərpa, həmçinin məcburi köçkünlərin mərhələli qaydada öz doğma yurdlarına geri qayıtmasının təmin edilməsidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elman Vəliyev deyib.
Elman Vəliyev sözlərinə belə davam edib: "Şərqi Zəngəzur xüsusi strateji önəm daşıyır, çünki regionun nəqliyyat və iqtisadi əlaqələri üçün açar rolunu oynayır. Proqram çərçivəsində hazırlanmış infrastruktur layihələri, xüsusilə “ağıllı kənd” təşəbbüsləri artıq praktikada tətbiq edilməyə başlanıb, Zəngilanda uğurla icra olunur. Laçın, Kəlbəcər, Ağdərə, Xocalı və Füzuli kimi bölgələrdə məcburi köçkünlərin qaytarılması prosesi mərhələli şəkildə reallaşdırılır və davam etməkdədir.
Beynəlxalq tərəfdaşlıq və xarici siyasi dəstək burada proqramın effektivliyi üçün həlledici rol oynayır. Xarici investorlar və transmilli holdinqlər bölgəyə maliyyə, texnologiya və idarəetmə təcrübəsi gətirir, qeyri-neft sektoru üzrə fəaliyyət göstərən şirkətlər isə yerli iqtisadiyyatın diversifikasiyasına və dayanıqlı inkişafına töhfə verir. Kəlbəcərin turizm potensialının reallaşdırılması buna bir nümunədir; beynəlxalq tərəfdaşların iştirakı yalnız maliyyə dəstəyi ilə məhdudlaşmır, həm də beynəlxalq standartlara uyğun infrastruktur, xidmət və idarəetmə modelini təmin edir.
Bölgənin bərpasında əsas imkanlar, əslində, risklərdən çox üstünlük təşkil edir. Strateji koordinasiya, xarici investorların cəlb olunması və texnoloji həllərin tətbiqi, gözləntilərin artıq praktikada doğrulanması ilə bərabər, proqramın davamlılığını təmin edir. Risk yalnız o halda ortaya çıxa bilərdi ki, region “açıq zona” kimi elan olunub, lakin infrastruktur və sosial xidmətlər gözlənilən səviyyədə təmin edilməsin; ancaq artıq icra başlamadan öncə həm dövlət, həm də beynəlxalq tərəfdaşlar tərəfindən bütün əsas mexanizmlər və dəstək kanalları təmin edilmişdir, bu isə proqrama həm güvən, həm də davamlı inkişaf perspektivi qazandırır".
Bütün xəbərlər Facebook səhifəmizdə