"Avqustun 18-də Vaşinqtonda Donald Tramp ilə Volodimir Zelenski arasında görüş keçirildi və ardınca Avropa İttifaqı liderləri ilə birgə müzakirələr aparıldı". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
O bildirib ki, bu görüşlərin əsas məqsədi Trump–Putin–Zelenski üçtərəfli görüşə hazırlıq idi: "Avqustun 15-də Donald Tramp Aliaskada Vladimir Putinlə görüşərək Rusiya–Ukrayna müharibəsinin dayandırılması məsələsini müzakirə etmiş, Putin öz təkliflərini irəli sürmüşdü. Həmin danışıqlardan sonra Tramp Zelenskiyə zəng edərək görüşü zəruri hesab etdiyini bildirmişdi.
Müharibənin dayandırılması üçün liderlərin birbaşa görüşü vacib hesab olunur. Bu müddətdə Avropa liderləri — Böyük Britaniyanın baş naziri K. Starmer, Fransa prezidenti E. Makron, Almaniya kansleri F. Mertz, İtaliya baş naziri C. Meloni və Avropa İttifaqının rəhbəri ABŞ-a gələrək Donald Tramp ilə müzakirələr aparıblar.
Ən mühüm nəticə isə Zelenskinin artıq Putinlə danışıqlara hazır olduğunu bəyan etməsidir. Putin Donbass və Luqanskdan Ukrayna qoşunlarının çıxarılmasını, əvəzində Xarkov, Sumı və digər ərazilərdən Rusiya qoşunlarının geri çəkilməsini təklif edir. Yəni ərazi mübadiləsi variantı gündəmdədir. Tramp və Zelenski arasında keçirilən görüşdə bu məsələ geniş müzakirə olunub və Zelenski bəzi güzəştlərə hazır olduğunu bildirib.
Əsas qərarların isə avqustun sonunadək keçirilməsi planlaşdırılan Trump–Putin–Zelenski üçtərəfli görüşündə veriləcəyi gözlənilir. Müharibənin tam dayanması hələ real görünməsə də, ilkin mərhələdə atəşkəsin elan olunması mümkündür. Artıq hər iki tərəf ciddi iqtisadi, siyasi və insan itkisinə məruz qalıb və bu, onları danışıqlara sövq edir.
Sonuncu görüşdə Donald Tramp Putinlə 40 dəqiqəlik telefon danışığı apararaq onu növbəti görüşə razı salıb. Hər iki tərəf müharibənin dayandırılmasına hazır olduqlarını bəyan ediblər. Bu, mühüm irəliləyiş kimi qiymətləndirilir. Ümumilikdə, baş tutan görüşlər müharibənin sonlanması istiqamətində vacib addım hesab olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə