Putin-Tramp-Zelenski görüşü münaqişənin gedişatına yeni istiqamət verə bilər - POLİTOLOQ ŞƏRH ETDİ

“22 avqustda ABŞ, Rusiya və Ukrayna rəhbərlərinin – Donald Tramp, Vladimir Putin və Vladimir Zelenskinin iştirakı ilə keçiriləcək üçtərəfli görüş beynəlxalq siyasətdə diqqət mərkəzində olan hadisələrdən biridir. Bu görüşün əsas gündəliyində, şübhəsiz ki, Ukrayna müharibəsi, enerji təhlükəsizliyi və Qərb-Rusiya münasibətlərinin gələcək istiqamətləri dayanacaq". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, ilk növbədə qeyd etmək lazımdır ki, belə bir formatın reallaşması özü-özlüyündə ciddi siyasi iradənin göstəricisidir. ABŞ-ın iştirakı olmadan Ukrayna məsələsində heç bir qlobal həll mümkün deyil. Rusiya isə münaqişənin taleyini Qərblə masada müəyyənləşdirmək istəyir: "Ukrayna isə bu masada əsas maraqlı tərəf kimi öz mövqeyini qorumağa çalışacaq. Görüşdən ən real gözlənti hərbi əməliyyatların tam dayandırılması ilə bağlı dərhal razılıq olmasa da, müəyyən humanitar məsələlərdə – əsirlərin dəyişdirilməsi, dinc əhalinin təhlükəsizliyi və taxıl dəhlizi kimi konkret istiqamətlərdə razılaşmaların əldə olunması ola bilər. Bu, tərəflər arasında inam mühitinin formalaşmasına da zəmin yarada bilər. Digər mühüm məsələ isə enerji təhlükəsizliyidir. Avropa bazarlarının enerji asılılığı hələ də aktualdır. ABŞ və Rusiya bu məsələdə geosiyasi maraqlarını qorumağa çalışarkən, Ukrayna da tranzit ölkə kimi öz mövqeyini itirmək istəmir. Beləliklə, görüşdə enerji marşrutları və iqtisadi əməkdaşlıqla bağlı da müəyyən müzakirələrin aparılması istisna deyil.

Bununla yanaşı, Trampın siyasi ritorikasını da nəzərə almaq lazımdır. O, ABŞ-ın Ukraynaya dəstəyini daha çox maliyyə yükü kimi təqdim edir və kompromis variantlara meylli ola bilər. Bu isə Putinlə danışıqlar prosesində müəyyən yumşalmaların baş verməsinə şərait yarada bilər. Ancaq Zelenski üçün kompromis çətin bir seçimdir, çünki o, daxili auditoriyanın təzyiqlərini nəzərə almağa məcburdur. Ümumilikdə desək, 22 avqust görüşü qlobal münaqişənin bir görüşlə həll olunacağı bir məkan deyil, amma prosesin istiqamətini müəyyənləşdirəcək mühüm siyasi platformadır. Əgər tərəflər heç olmasa humanitar və iqtisadi məsələlərdə ilkin razılaşmalara gələ bilsələr, bu artıq gələcək sülh danışıqları üçün mühüm zəmin yaradacaq".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə