“Böyük Qayıdış Azərbaycanın milli birliyini və iqtisadi dirçəlişini təmin edəcək” - EKSPERT ŞƏRH ETDİ
“Böyük Qayıdış” proqramı Azərbaycanın müasir tarixində ən əhəmiyyətli dövlət layihələrindən biridir. Bu, təkcə işğaldan azad edilmiş torpaqlara əhalinin köçürülməsi prosesi deyil, həm də regionun sosial-iqtisadi dirçəlişini, milli birliyin möhkəmlənməsini və strateji təhlükəsizliyimizin güclənməsini təmin edən bir konsepsiyadır". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib.
Onun sözlərinə görə, hazırda dövlətimizin apardığı işlər çoxşaxəlidir. İlk növbədə, azad edilmiş ərazilərdə infrastrukturun – yolların, körpülərin, enerji xətlərinin, su və qaz təchizatının bərpası və yenidən qurulması həyata keçirilir: "Bununla yanaşı, yeni yaşayış massivləri, məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri inşa olunur. Məqsəd yalnız köçürülən vətəndaşlara yaşayış yeri təmin etmək deyil, onların normal, təhlükəsiz və rahat həyat şəraiti ilə təmin edilməsidir. Böyük Qayıdışın ən önəmli məqamlarından biri də sosial adaptasiya məsələsidir. Köçürülən vətəndaşlar üçün iş yerlərinin yaradılması, kənd təsərrüfatı və biznes fəaliyyətinin təşviqi, peşə hazırlığı proqramlarının həyata keçirilməsi planlı şəkildə icra olunur. Bu, həm iqtisadi canlanmanı, həm də regionda sabitliyin uzunmüddətli təminatını gücləndirir. Unutmaq olmaz ki, bu proses yalnız daxili siyasət məsələsi deyil, həm də ciddi geosiyasi əhəmiyyət daşıyır. Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra həyata keçirilən “Böyük Qayıdış” layihəsi beynəlxalq arenada ölkəmizin nüfuzunu artırır, eyni zamanda, bölgədə sülh və əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Böyük Qayıdış – bu günün və gələcəyin layihəsidir. Burada görülən hər bir iş Azərbaycanın milli maraqlarına xidmət edir və dövlətimizin gələcək inkişaf strategiyasının ayrılmaz hissəsini təşkil edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə