Azərbaycan–Türkiyə münasibətləri: strateji tərəfdaşlıq və qardaşlıq modeli - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan–Türkiyə münasibətləri həm siyasi, həm də mədəni baxımdan dərin köklərə malik olan strateji tərəfdaşlıq nümunəsidir”. Bu fikirləri politoloq Oqtay Qasımov SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər tarixə, ortaq dilə, etnik mənşəyə və mədəni yaxınlığa əsaslanmaqla yanaşı, geosiyasi maraqlar baxımından da üst-üstə düşür: “Azərbaycan və Türkiyə həm regional, həm də beynəlxalq səviyyədə birgə mövqe sərgiləyir, bu isə əlaqələrin daha da möhkəmlənməsinə zəmin yaradır”.

Qasımov qeyd edib ki, son dövrlərdə həyata keçirilən enerji və nəqliyyat layihələri, o cümlədən qaz ixracı və üçtərəfli diplomatik görüşlər, tərəfdaşlığın praktik təzahürüdür: “Xüsusilə son iki həftədə baş verən hadisələr – Suriya qazının Azərbaycan üzərindən Türkiyəyə çatdırılması və 8 avqustda Vaşinqtonda keçirilən üçtərəfli görüş – əməkdaşlığın genişlənən coğrafiyasını göstərir”.

Onun fikrincə, iki ölkə arasında əlaqələr yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmır: “Azərbaycan–Türkiyə münasibətləri həm də mənəvi dəyərlərə, qardaşlığa və ortaq mədəni irsə söykənir. Bu isə əlaqələrin uzunmüddətli və davamlı xarakter daşımasını təmin edir”.

Ekspert əlavə edib ki, sosial şəbəkələrdə ortaya çıxan fərdi fikirlər və ya spekulyativ paylaşımlar dövlətlərarası münasibətlərə təsir etmir: “Azərbaycan və Türkiyə xalqları arasında olan bağlar emosional deyil, strateji və tarixi əsaslara dayanır. Bu baxımdan narahatlığa heç bir əsas yoxdur”.

Sonda o qeyd edib ki, əlaqələrin bundan sonra da yüksələn xətlə davam edəcəyi gözlənilir və mövcud əməkdaşlıq modeli regionda sülh və sabitliyin əsas sütunlarından biri olaraq qalacaq.

Müəllif: Fatimə Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə