Avqustun 8-də Ağ Evdəki tarixi görüş, əldə olunan razılaşmalar və imzalanan müqavilələr ilk növbədə Prezident İlham Əliyevin yüksək dəqiqliklə həyata keçirdiyi uğurlu xarici siyasət faktorudur. Azərbaycan Prezidentinin Ağ Evdə Donald Tramp tərəfindən qarşılanması, yüksək ehtiramın göstərilməsi Azərbaycan liderinin dünya miqyasındakı nüfuznunun da göstəricisi sayılmalıdır. Azərbaycan-ABŞ strateji tərəfdaşlığının elan edilməsi isə o deməkdir D.Tramp əzmkar və xarizmatik lider olaraq İlham Əliyevlə uzun illər birgə çalışmaq qərarını verib. Bu, olduqca önəmli faktordur. İlk ondan başlayaq ki, artıq dünənki tarixi görüşdə regionda davamlı sülhün bərqərar olması istiqamətində tarixi addım atılıb. Onilliklərlə davam edən münaqişəyə son qoyulması, Azərbaycana qarşı 33 illik məhdudiyyətlərin aradan qaldırılması təkcə Bakı üçün deyil, bütün Cənubi Qafqaz üçün böyük nailiyyətdir. Dünyada gərginliyin və böhranların artdığı bir dövrdə Azərbaycan, Ermənistan və ABŞ liderlərinin üçtərəfli görüşü regionda sülhün və sabitliyin bərqərar olması üçün xüsusilə qiymətlidir. Tarixi şans var ki, bundan istifadə edən ölkələr iqtisadi inkişafa və əhalinin rifahının yüksəlməsinə mühüm töhfə verə biləcəklər.
Xüsusilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yaxın vaxtlarda dəhlizin açılmasının vacibliyi də diqqətdə olan məsələdir. Əldə olunan razılaşmaların və imzalanan sənədlərin effektivliyi İrəvanın səmimiyyətindən asılıdır, onun hərəkətləri ciddi şəkildə izlənilməlidir. Lakin rəsmi irəvanın öz üzərinə götürdüyü öhdəliklərdən qaçma kimi şansı da yoxdur. Əvvəla Nikol Paşinyan höküməti D.Tramp kimi dünyanın supergücü olan ölkənin lideri qarşısında öhdəlik götürüb. ABŞ liderinin imzasına hörmətsizlik N.Paşinyan hakimiyyəti üçün siyasi intihara bərabər olardı. İkincisi də unutmayaq ki, hazırda bölgənin siyasi və əsasən də iqtisadi-kommunikasiya mərkəzi sayılan Azərbaycanla əməkdaşlıq Ermənistanın quyunun dibindən və sosial fəlakətdən çıxışı üçün olduqca önəmlidir. Hər halda hazırkı erməni hakimiyyəti bunu hər kəsdən əla bilir.
Ən əsası odur ki, bu tarixi hadisə regionumuza Azərbaycanın illərdir vurğuladığı qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri əsasında sülhü gətirəcək. Eyni zamanda bölgənin əməkdaşlıq mərkəzinə çevrilməsi istiqamətində önəmli imkanlar yaranır. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin ABŞ Prezidentinin iştirakı ilə paraflanması regionda davamlı və dayanıqlı sülhün təmin olunması istiqamətində olduqca mühüm hadisədir. Azərbaycanın təşəbbüsü ilə Sazişin paraflanması ölkəmizin sülhpərvər mövqeyinin növbəti təzahürüdür
Bu tarixi hadisə həm də Cənubi Qafqaz üçün yeni tarixin yaranması günüdür. Sülh və əməkdaşlıq üçün nəzərdə tutulan bu prosesin işlək mexanizmini və hansı nəticələr doğuracağını əlbəttdə zaman göstərəcək. Lakin görünən odur ki, Ağ Evdə Cənubi Qafqaz üçün strateji müttəfiq kimi Azərbaycanı və onun xarizmatik lideri İlham Əliyevi seçiblər.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə