“Vaşinqtonda keçiriləcək görüş Azərbaycanın tarixində atılacaq ən önəmli addımlardan biridir”. Bu fikirləri siyasi şərhçi Mehman İsmayılov SİA-ya açıqlamasında bildirib.
O deyib ki, qarşıdakı Vaşinqton görüşü regionun gələcəyi və Azərbaycanın strateji maraqları baxımından həlledici əhəmiyyət daşıyır: “Vaşinqtonda keçiriləcək görüş, tarixi görüşdür. Bu, Azərbaycan tarixində atılacaq ən önəmli addımlardan biridir. Proses bizim üçün çox önəmlidir”.
Mehman İsmayılov bildirib ki, Azərbaycan bu gün öz gücünü, siyasi və iqtisadi çəkisini sübut edib və artıq dünya ictimaiyyəti ilə bərabər mövqedən danışır: “34 il bundan qabaq Azərbaycanı param-parça etmək istəyən dünya erməniləri, Fransa, İran, Rusiya Federasiyası və başqa ermənipərəst qüvvələr indi Azərbaycanın dəstəyinə və mövqeyinə möhtac duruma düşüblər”.
Onun sözlərinə görə, hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas aktorlardan birinə çevrilməkdədir: “Azərbaycan indi Avropanın enerji təhlükəsizliyi məsələsində aparıcı ölkələrdən birinə çevrilməkdədir”.
Siyasi şərhçi Zəngəzur dəhlizinin gələcək taleyi və Rusiyanın regiondan sıxışdırılıb çıxarılması məsələsində ABŞ-ın aktiv rol almasını vacib sayır: “Biz gözləyirik ki, Zəngəzur dəhlizinin taleyi həll edilsin. Rusiyanın Güney Qafqazdan sıxışdırılıb çıxarılma prosesində ABŞ aktiv rol oynasın, Azərbaycanın bütün şərtləri Ermənistan tərəfindən qəbul edilsin”.
Mehman İsmayılovun sözlərinə görə, bu görüş həm də Ermənistan üçün ciddi nəticələr doğura bilər: “Vaşinqton görüşünün Ermənistan üçün çox böyük əhəmiyyəti var. Çünki Paşinyan rejiminə qarşı Ermənistandakı bütün qüvvələri səfərbər edən Rusiya Federasiyası – şəxsən Putin hakimiyyəti, bütün gücü ilə sülh prosesinə mane olmağa çalışırlar”.
O əlavə edib ki, Ermənistan-Azərbaycan arasında birbaşa danışıqların qarşısını almaq üçün müxtəlif təzyiqlər göstərilir: “Onlar Ermənistan-Azərbaycan birbaşa danışıqlar aparmasına qarşı çıxırlar”.
Mehman İsmayılov yekunda qeyd edib ki, Azərbaycanın hədəflərinə çatması üçün beynəlxalq dəstək, xüsusilə də ABŞ-ın rolu xüsusi önəm daşıyır: “Hədəflədiyimiz məsələlərə doğru addımlamağımız üçün ABŞ kimi super gücün bizə dəstək verməsinə ehtiyac var”.
Bütün xəbərlər Facebook səhifəmizdə